Parlament jurnalistləri deputat Siyavuş Novruzovu necə xarakterizə edirlər?

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyətləri barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə YAP-çı deputat Siyavuş Novruzov barədə fikirlərini bildirirlər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Deputat kimi jurnalistlərə çox yaxındır, istənilən sualı cavablandırır. Onu Milli Məclisdə hakim partiyanın ruporu adlandırmaq da olar. Siyasi məsələlərlə bağlı Milli Mclisdə spikerdən sonra Siyavuş müəllim şərhlər verir. Uzun illər parlamentdə olduğundan, çox təcrübəlidir. Son vaxtlar daha effektli çıxışları olur” .

“AzərTAc” İnformasiya Agentliyinin əməkdaşı Xətayi Əzizov: “Cavan və perspektivli siyasətçidir. Danışdıqlarının əksəriyyəti həqiqətdir”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Yeni Azərbaycan Partiyasının ən aparıcı üzvlərindəndir. Müşahidələr göstərir ki, müxalifətin gözünü qorxudub. Müxalifəti yerində oturdan deputatdır. Jurnalistlərlə təmasda maraqlıdır, bütün sualları cavablandırır”.

“Ekspress” qəzetinin müxbiri Aqil Aslan: “Yeni Azərbaycan Pariyasının Milli Məclisdə ən fəal deputatlarından biridir. O, həm də millətçiliyi ilə seçilir. Bunu parlamentdəki çıxışlarından da görmək olar. Ona böyük hörmətim var. Jurnalistlərin müraciətinə normal şəkildə cavab verir”.

“Media forum” saytının əməkdaşı İmdad Əizadə: “Siyavuş Novruzov parlamentdə də, parlamentdən kənarda da Yeni Azərbaycan Partiyasının ən nüfuzlu fiqurlarındandır. Hakimiyyətə qarşı istənilən fikrə o cavab verir. Hakimiyyət partiyasının o deputatlarındandır ki, zaman-zaman müxtəlif dövlət qurumlarını, hətta Milli Teleradio Şurasını tənqid edir. Qanunvericilik sahəsində də fəaldır və parlamentin ən aktiv deputatlarından biridir. Bəlkə də hakimiyyətə ən sadiq insanlardandır. Jurnalistlərlə normal münasibətdədir, istənilən suala cavab verir”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Parlamentin ən fəal deputatlarından biridir. Həm də hakimiyyəti parlamentdə təmsil edən ən fəal deputatlardandır. Onu həm qanun yaradıcılığı prosesində, həm də cari məsələlərin müzakirəsində fəal görürük. Jurnalistlərlə münasibəti normaldır. Müşahidələr göstərir ki, jurnalistlərlə təmasda olmaqda özü də maraqlıdır”.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli: “Siyavuş Novruzov YAP-ın parlamentdə vuran əlidir. Özünəməxsus çıxışlar edir. Məsələləri sadələşdirilmiş şəkildə ifadə etdiyindən, çıxışları maraqla qarşılanır. Seçiciləri ilə necə işlədiyi barədə məlumatım yoxdur. Jurnalistlərə münasibəti yaxşıdır. Amma telefon nömrəsini tez-tez dəyişir”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Çox fəal deputatdır. Həm Milli Məclisdə, həm də ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri var. Jurnalistlərlə daim ünsiyyətdə olur. Parlamentin işinə daim maraq qatır. İstənilən sualı cavablandırır”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Parlamentin fəal deputatlarından biridir. Bir qayda olaraq, Pənah Hüseyndən sonra danışır. Bu isə belə təəssürat yaradır ki, o, Pənah Hüseyni izləyir. Həmişə Pənah Hüseynin arqumentlərinə cavab verir, bu mənada diqqəti çəkir. Jurnalistlərə hörmətlə yanaşır, ancaq mənə münasibətdə bu hiss olunmur. Sonuncu dəfə Frankfurtda olarkən onunla telefon əlaqəsi saxladım, qayıdandan sonra müsahibəyə söz verdi. Amma qayıdandan sonra bildirdi ki, qəzetimizdə onunla bağlı yazı gedib, daha müsahibə verməyəcək. Bir sözlə, qəzetimizi boykot edib. Ölkədə demokratiyanın olduğunu deyir. Ancaq sözü ilə əməli uyğun gəlmir. Mən ona dözümlülük arzulayıram”.

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı: “Nə vaxtsa jurnalistlərin Siyavuş Novruzovdan narazılıq etdiyinin şahidi olmamışam. Deputat kimi həm qanun yaradıcılığı prosesində, həm cari məsələlərin müzakirəsində faəllıq nümayiş etdirir. Siyasətçi kimi həmişə opponentlərini susdurmağı bacarır, sadəcə bəzən fikirləri təhqir kimi səslənir”.

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Siyavuş Novruzov parlamentdə ən aktiv deputatlardan biridir. Müxtəlif məsələlərlə bağlı öz mövqeyi olan deputatdır. Hakim partiyanın 2-3 deputatından biridir ki, jurnalistlərlə normal münasibəti var”.

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Milli Məclisdə ən fəal deputatlardan biridir. Güclüdür, zəngin bazası var. Jurnalistlər üçün maraqlı açıqlamalar verir. Bəzən Siyavuş Novruzov öz opponentlərinə elə arqumentlə cavab verir ki, mən bunu ona yaraşdırmıram”.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Siyavuş Novruzov daha çox müxalifətdən olan həmkarlarını dediklərinə reaksiyası, onların çıxışlarına atmacaları ilə yadımda qalıb. Naxçıvanın problemlərindən az danışır. Amma jurnalistlərə münasibəti normaldır. Milli Məclis binasında müsahibə almaq, hansısa məsələ ilə bağlı açıqlama istəyəndə, imtina etmir. Amma parlamentdən kənarda olanda ona zəng etmək, bağlantı qurmaq bir qədər çətindir”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO