Parlament jurnalistləri deputat Nəsib Nəsiblini necə xarakterizə edirlər?

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Nəsib Nəsibli barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Azərbaycan siyasətində özünü təsdiq etmiş şəxslərdəndir. 20 ildən çoxdur ki, siyasətdədir. Onu eyni zamanda ziyalı siyasətçilərdən hesab edirəm. Belə demək mümkünsə, Azərbaycan siyasətinin ağ köynəklilərindən, ağ yaxalılıqlarından biridir. Bununla yanaşı, Azərbaycanda xarici dili bilən, xarici dildə mükəmməl danışan azsaylı deputatlardan və siyasətçilərdəndir. Ancaq təəssüf edirəm ki, 2005-2008-ci illərlə müqayisədə son iki ildə parlamentdə fəallıq nümayiş etdirmir. Son vaxtlar onda həm də özündənrazılıq hiss olunur. Bununla belə, inanıram, ümid edirəm ki, heç olmasa parlamentin son sessiyasında fəallıq nümayiş etdirəcək və seçicilərinə verdiyi vədləri yerinə yetirərək yenidən parlamentə düşə biləcək”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: “İlk seçildiyi vaxtlardan öz fəaliyyəti ilə seçilirdi. Ancaq son zamanlar seçicilərinin problemlərinin həllində səngimə hiss olunur. Amma aktiv deputatdır”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Çox hörmətli ziyalıdır. Cümhuriyyət dövrünə aid araşdırmaları var. Əqidəli, fəadakar müsavatçıdır. Dostum olduğu üçün onun haqqında söz deməkdə çətinlik çəkirəm. Hər zaman Güney azərbaycanlıların və Türk dünyasının dəyərlərini uca tutur. Həssas məsələlərə reaksiyası hər zaman diqqət çəkir. Seçicilərinin də problemlərini zaman-zaman Milli Məclisdə qaldırıb. Ona növbəti seçkilərdə uğurlar arzulayıram”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Nəsib Nəsibli vətənpərvər, ziyalı millət vəkilidir. 2008-ci ili çıxmaq şərtilə deputat seçildiyi vaxtdan bu günə kimi fəallığı ilə seçilir. Həmişə hadisələrə və məsələlərə dövlətçilik prizmasından münasibət bildirir. Parlamentdəki çıxışlarında milli məsələlərə və seçicilərinin problemlərinə daha çox yer verir. Jurnalistlərlə də normal münasibəti var”.

“Lent.az” saytının əməkdaşı Pərvin Abbasov: “Savadlı tarixçi-alim, aktiv millət vəkilidir. Jurnalistlərə açıq adamdır, istənilən KİV nümayəndəsi istənilən vaxt ona zəng vurub müsahibə ala bilər”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “İstedadlı, çox savadlı adamdır. Parlamentdə təmsil olunan digər müxalifət deputatlarından fərqli olaraq aqqressivlik nümayiş etdirdiyini, yaxud da hansısa etikadankənar hərəkət etdiyini görməmişəm. Əsəblərini cilovlayan adamdır. Onun biliyinə, savadına heç bir şübhəm yoxdur. Fəaliyyətini də müsbət qiymətləndirirəm. Mətbuata da açıq insandır”.

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Parlamentdə aktiv olmasa da öz mövqeyi olan ziyalı deputatlardan biridir. Jurnalistlərlə münasibəti çox normaldır. Bütün məsələlərdə onun öz mövqeyi var”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşi Ağa Cəfərli: “İctimai-siyasi cəhətdən fəaldır. Millət vəkili kimi də onun fəaliyyətini aktiv hesab etmək olar. Parlamentin iclaslarında müəyyən məsələlərlə, həmçinin ölkədəki problemlərlə bağlı tez-tez çıxış edir. Müsavat deputat qrupu müəyyən qanun layihələri hazırladıqda çox gümanki burada Nəsib müəllimin də əməyi olur. Ümumilikdə onu fəal deputat hesab edirəm”.

“Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Cəfərov: “Professordur. Onunla şəxsən münasibətim olmadığı üçün xarakterizə edə bilmirəm. Milli Məclisdə çıxış edir. Ancaq mən onu şəxsiyyət kimi tanımıram”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Müxalifət deputatlarından ən fəalıdır. Daim cəmiyyətdəki problemləri qabardır. Gürcüstandakı və Quzeydəki azərbaycanlıların problemlərini gündəmə gətirir. Seçicilərin problemləri ilə daim maraqlanır. Mətbuata da açıq insandır”.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Mənim yaşadığım dairənin millət vəkilidir. Seçicilər ona böyük ümidlərlə səs vermişdi. Ancaq seçicilərin etimadını doğrultmadı. Milli Məclisdə maraqlı çıxışları olur. Hətta bəzən məsələlərə populist nöqteyi-nəzərdən yanaşır. İnsan kimi çox mədənidir. Arzu edərdim ki, növbəti dəfə seçilərsə, seçkilərinin problemləri ilə daha çox maraqlansın”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev : “Çox gözəl deputatdır. Türkçü alimdir. Parlamentdə mühüm məsələlərlə bağlı müzakirələrdə çıxış edir. Dəfələrlə qanunvericilik təşəbbüsü ilə çıxış edib. İstərdim ki, müxalifət deputat qrupuna üzv olan deputatlar ən azı Nəsib Nəsibli kimi olsunlar”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Nəsib Nəsibli indiyədək müxalifətdən və müxalifət adından seçilmiş yeganə deputatdır ki, jurnalistlərin etimadını qazana bilmədi. Seçicilərlə necə işləməsindən xəbərim yoxdur. Milli Məclisdə fəaliyyətinə gəlincə onu deyə bilərəm ki, Nəsib Nəsibli adları danışmayan siyahıda olan deputatlardan o qədər də fərqlənmir. Doğrusu şəxsən mən belə nəticəni Nəsib bəydən gözləmirdim”.

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Parlamentdə tez-tez çıxış edən millət vəkillərindən biridir. Milli, dini məsələlərlə, cənubdakı və Gürcüstandakı azərbaycanlılarla bağlı çıxışları olur. Milli təəssübkeşliyi olan insandır. Mədəni insan kimi onu xarakterizə edirəm. Etik çərçivəni hər zaman gözləyir. Digər radikal deputatlarla müqayisədə sərt çıxışları ilə yadda qalmayıb”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Müxalifəti təmsil edən digər deputatlarla müqayisədə passivdir. Milli Məclisin iclaslarında fəal iştirak etmir”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Parlamentdə müxalifəti təmsil edən deputatlardan biridir. Ancaq digər müxalif deputatlarla müqayisədə fəal deyil. Yəni Pənah Hüseyn, Arzu Səmədbəyli, İqbal Ağazadə ilə müqayisədə az hallarda çıxış edir. Hər zaman ölkədə və əsasən seçildiyi dairənin problemlərini Milli Məclisin iclaslarında qaldırır. Savadlı deputatdır. Jurnalistlərlə də münasibəti normaldır”.

“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “Müxalifətçi deputatlar içərisində öz sahəsini yaxşı bilən depuatadır. Qanunverici çıxışlar zamanı hüquqi bazasına istinad edir. Onu xarakterizə edərkən keçmişdəki fəaliyyətinə nəzər salmaq lazımdır. Özünün yerini hər zaman bilir. Nəsib Nəsibli özünün yenidən namizədliyini irəli sürəcək və seçiciləri ona səs verəcək. Çünki Nəsib Nəsibli deputat olmağa qadirdir və layiqdir”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfiqar Hüseynli: “Müstəqil diplomatiyamızın ilk qaranquşlarından biri, tarixçi alim, prinsipial millət vəkili kimi tanıyıram. Ancaq ilk baxışda kifayət qədər qapalı, tündməcaz adam təsiri bağışlayır. Hər halda onun parlamentdəki fəaliyyəti o qədərdə cəlbedici görünmür. Ola bilər ki, yanılıram. Ancaq müsavatçı deputat nisbətən fərqli missiya daşıyıcısı olduğunu parlamentdəcə hər kəsə nümayiş etdirməyə borcludur…”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO