Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Aynur Quliyeva barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?
“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Parlamentdə təmsil olunan keçmiş həmkarlarımızdandır. Bu baxımdan ona böyük hörmətim var. Son zamanlar bir qədər təcrübə topladığı və fəallığı hiss olunur. Müxtəlif məsələlərlə bağlı əksər hallarda öz fikirlərini bildirir.
Seçicilərlə iş praktikasından xəbərsizəm. Jurnalistlərlə də heç bir problemi yoxdur. Arzu edərdim ki, bu il parlament seçkilərində təmsil olunsun”.
“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Aynur Quliyevanı passiv deputatlardan hesab edirəm. O, özünü parlamentdə bizim gözlədiyimiz kimi doğrultmadı. Yəni aktiv deputat rolunu oynaya bilmədi. Baxmayaraq ki, o jurnalist olub. Vaxtilə hakimiyyəti tənqid edən kəskin yazılarla çıxış edib. Guya özünü hər zaman obyektiv göstərib. Təəssüf ki, onun deputatlıq fəaliyyətində bunun əksini gördük. Deputat olandan sonra jurnalistlərə yuxarıdan aşağı baxmağa başlayıb”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Aynur Quliyeva Milli Məclisdə nə aktiv, nə də passiv deputatlardandır. Əslində Aynur Quliyevanın keçmişini, yəni jurnalist olduğunu nəzərə alsaq, onun çox fəal deputat olmasını gözləmək olardı. Təəssüf ki, bu 5 ildə Aynur Quliyeva gözlənilən nəticəni vermədi. Yəni o, əvvəlki Aynur Camalqızı ola bilmədi. Parlamentdəki çıxışlarında o, yalnız “bəyli”, “xanlı” kimi soyad sonluqlarına etiraz etməsi ilə yadda qalıb. Mən onun “Yeni Müsavat” qəzetində vaxtında yazdığı “biabırçı parlament” başlıqlı köşə yazısını xatırlayıram. Həmin yazıda akademik Cəlal Əliyevin bəzi müxalifətçi deputatlara barmaq silkələyib, “mandatınızı vermişik, səsinizi kəsin, oturun yerinizdə” sözlərini də yazmışdı. Maraqlıdır ki, Aynur xanım indi özü də o “biabırçı parlament”də oturur və deyəsən ona da xatırladıblar ki, “mandatını vermişik, artıq əskik danışmaq lazım deyil…”. Tərtərdəki seçicilərindən eşitdiyimə görə, seçicilərinə qarşı da biganədir. Müşahidələrimə görə, parlament jurnalistləri ilə də münasibəti istənilən səviyyədə deyil. Bütün bunlara baxmayaraq, Aynur Quliyevanı türkçülüyə sadiq qalan deputat kimi tanıyıram”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Aynur xanım bizim həmkarımız olub. Milli Məclisdə fəaliyyətinə gəlincə, ilk illərdə o qədərdə fəallıq nümayiş etdirməyib. Amma axır zamanlar, konkret olaraq son iki ildə fəallıq göstərib. Mətbuatla sıx əməkdaşlıq edib. Bəzi millət vəkillərindən fərqli olaraq, Milli Məclisdə seçicilərinin problemini qaldırıb. Yadımdadır ki, o, seçicilərinin su problemi ilə bağlı çıxış etmişdi. Jurnalistlərlə münasibəti də çox gözəldir”.
“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Milli Məclisdə ən aktiv deputatlardan biridir. Ümumiyyətlə, Milli Məclisdə vacib məsələlərlə bağlı çıxış edir. Jurnalistlərlə münasibəti kifayət qədər normaldır. Bəzi deputatları jurnalistlərin dostu saymaq olar. Aynur Quliyeva da həmin deputatlardandır. Seçicilərinin problemlərini həll etməyə nə dərəcədə cəhd göstərdiyi barədə məlumatsızam. Ancaq eşitdiyimə görə, bu istiqamətdə də fəaliyyəti normaldır. Bir şeyi də qeyd edim ki, Aynur Quliyevanın əvvəlki mövqeyini dəyişməsi bir az qəribədir”.
“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Seçicilərinə qarşı diqqətcil deputatdır. Mən bu onun parlamentdə milli məsələlər, ailə, qadın problemləri ilə bağlı çıxışları zamanı müşahidə etmişəm. Öz işinə uyğun danışan millət vəkilidir. Mətbuata açıq insandır. Bəzi deputatlardan fərqli olaraq jurnalistlərlə münasibəti yaxşıdır”.
“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “Uzun illər mətbuatda çalışıb. Onun haqqında elə bil mənfi fakir söyləmək çətindir. İstər parlamentdə qaldırdığı məsələlərlə, istərsə də qanunverici təşəbbüslərlə bağlı təklifləri olub. Mən onun 5 illik fəaliyyətinin yalnız bir ilinin şahidi olmuşam. Çünki parlamentdə bir ildir akkreditə olunmuşam. Susqun deputatlardan fərqli olaraq, o, parlamentdə seçicilərinin problemlərini qabardır. Mətbuatla da daim əməkdaşlıq edib. Bu il parlament seçkilərində yəqin ki, onun rəqibləri olacaq. Ona uğurlar arzulayıram”.
APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Mənimçün Aynur Camalqızını xarakterizə etmək daha asandır, nəinki Aynur Quliyevanı. Hər halda onun deputatlığı jurnalistikasını üstələyə bilmədi. Xanım kimi ona böyük hörmətim var. Jurnalistlərlə münasibəti normaldır. Seçiciləri ilə necə işləməsi barədə məlumatım yoxdur. Ancaq hərdən eşidirəm ki, tez-tez deputat seçildiyi rayona gedib-gəlir. O, deputat seçildikdən sonra o vaxt baş verən situasiyaya uyğun olaraq, həddən artıq ictimai qınaqla üzləşib. Bir növ zədələnib. Amma mən tam səmimi deyirəm ki, bütün mənalarda onu xoşbəxt görmək istəyirəm”.
“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Parlamentdə jurnalistləri təmsil edən aktiv millət vəkilidir. Onun fəaliyyətini bəyənirəm. Jurnalistlərlə daim münasibət qurur. Jurnalistlərin problemlərini daha çox parlamentdə səsləndirən millət vəkilidir. Seçicilərinin problemini həll edib-etmədiyi barədə bir qədər məlumatsızam. Ancaq eşitmişəm ki, onlarla görüşür. İstərdim parlamentdə yenidən təmsil olunsun”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Onun fəaliyyəti qənaətbəxş deyil. Milli Məclisin passiv deputatlarındandır. İnanmıram ki, növbəti parlament seçkilərində təmsil olunsun. Jurnalistlərlə münasibətinə gəlincə, məncə jurnalistlər onunla əməkdaşlığa maraq göstərmir. Daha çox onu “525-ci qəzet”də görmək olar”.
Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Aynur Quliyeva Milli Məclisdə təmsil olunan gənc deputatlardandır. Bundan başqa, Aynur Quliyeva Milli Məclisə jurnalistikadan gəlib. Bütün bunlara rəğmən deputatın fəaliyyəti məncə o qədərdə qənaətbəxş deyil. Seçicilərlə necə işləməsinə gəlincə onu deyə bilərəm ki, bu barədə bilgim yoxdur. Jurnalistlərlə münasibətdə isə maraqlıdır”.
“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Milli Məclisdə fəallığı ilə seçilir. Qanunvericiliyin hazırlanmasında iştirak edir. Qadınların və uşaqların hüquqlarının müdafiəsində fəallıq göstərir. Azərbaycanda məişət zorakılığının aradan qaldırılmasını arzulayır. Milli-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə aparsa da, telekanallarda milli-mənəvi dəyərlərə xələl gətirən verilişlərdə ekspert kimi iştirak edir. Jurnalistlərlə münasibətində heç bir problem yoxdur. Seçicilərinin hüquqlarının müdafiəsində fəallıq nümayiş etdirir”.
“Lent.az” saytının əməkdaşı Pərvin Abbasov: “Aynur Camalqızı deyəndə ilk növbədə öz mövqeyini kəskin şəkildə dəyişən bir insan gözümün qarşısına gəlir. Əvvəllər jurnalistikada çalışdığından jurnalistlərlə münasibəti normaldır. Seçiciləri ilə necə işləməsindən xəbərsizəm. Ancaq bir dəfə onun seçicisi elektron poçtuma onunla görüşə bilmədiyi barədə məktub göndərmişdi. Parlamentdə ara-sıra çıxışlarını görmək olar. Amma bu çıxışları xüsusi çıxışlar sırasına aid etmək olmaz. Yəni ondan gözlənilməz çıxışlar gözləmək olmaz. Demək olar ki, çoxlarının dediyi sözləri deyir”.
“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Aynur xanım siyasətə və parlamentə jurnalistikadan gəliub. Ona görə də onun deputatlıq fəaliyyəti dövründə jurnalistlərlə münasibətlərində hansısa problem olmayıb. O, jurnalistlərə kifayət qədər açıq millət vəkilidir. Deputatlıq fəaliyyətini iki mərhələyə bölmək olar: I mərhələdə, yəni 2005-2008-ci illərdə Aynur xanım parlamentdə bir o qədər də aktivlik və fəallıq nümayiş etdirməyib. Ancaq II mərhələdə, yəni 2008-2010-cu illərdə o, parlamentdə kifayət qədər aktivlik və fəallıq nümayiş etdirməyə çalışıb. Cari məsələlər və qanun layihələrinin müzakirələrində fəallıq göstərib. Bildiyiniz kimi, III çağırış parlamentin müddəti artıq başa çatır. Cəmi 4-5 iclasdan sonra III çağırış parlament öz ömrünü başa vuracaq. Ona görə də arzu edərdim ki, Aynur xanım qalan qısa dövr ərzində seçicilərinin və jurnalist həmkarlarının problemlərini və qayğılarını parlament tribunasından daha gur səslə səsləndirsin. Əgər növbəti dəfə də parlament seçkilərinə qatılacaqsa ona uğurlar arzulayıram”.
“AzərTAc”ın ə məkdaşı Xətayi Əzizov: ” Keçmiş həmkarım kimi Aynur Quliyevanı xarakterizə etmək mənimçün həm çətin, həm də asandır. Jurnalist olduğu kimi deputat olmayıb. Biz qələm dostumuzun başqa cür deputat olacağını gözləyirdik. Deputat mandatı qazandıqdan sonra keçmiş həmkarları ilə münasibətləri daha da genişləndirəcəyini, jurnalistlərlə bağlı daha obyektiv və mütərrəqi qanunların qəbul olunmasına çalışacağını, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atacağına ümid edirdik. Amma bunların heç biri baş vermədi. Görünür deputat olmağın və yaxud da deputatlığın ayrı xisləti varmış”.
“Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Cəfərov: “Onu xarakterizə etmək istəmirəm”.