Parlament Jurnalistlər Birliyi Fransa jurnalistlərinə müraciət etdi

Parlament Jurnalistlər Birliyi Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanunla bağlı Fransa jurnalistlərinə müraciət edib.

Məqsəd prezident Nikola Sarkozi tərəfindən imzalaması gözlənilən və söz azadlığına qarşı yönələn sənədə etiraz etmək üçün bu ölkədə fəaliyyət göstərən jurnalist birliklərinin və ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələrinin həmrəyliyinə nail olmaqdır.

Birliyin rəhbəri Elşad Eyvazlı Modern.az saytına deyib ki, Senatda qəbul olunan bu qanun ilk növbədə Fransa vətəndaşlarının fikirlərini sərbəst ifadə etmək azadlığına qarşıdır:
“Senatda və Fransa cəmiyyətində qondarma “erməni soyqırımı” ilə bağlı gündəmə gələn bu məsələnin kifayət qədər əleyhdarları var. Bundan başqa, Fransa indiyədək dünyanın ən demokratik, söz azadlığına məhdudiyyətlərin mövcud olmadığı ölkə kimi tanınıb. Deməli, Senatda qəbul olunan bu qanun ilk növbədə Fransada söz azadlığını məhdudlaşdıracaq. Söz azadlığı isə bir ölkənin daxili işi deyil”.

Elşad Eyvazlı bütün bunları nəzərə alaraq Fransa jurnalistlərinə müraciət edilməsini zəruri sayıb. Bundan başqa, birliyin rəhbəri Azərbaycan jurnalistlərinin də yaxın günlərdə fikir azadlığının məhdudlaşdırılmasına etiraz olaraq Fransanın Azərbaycandakı səfirliyi qarşısında ayrıca aksiya keçirməsi təşəbbüsü ilə çıxış edəcəklərini bildirib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO