Mayın 22-də Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində bu ölkədə akkreditə olmuş səfirliklərin Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyasının, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkəti və Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Fransanın Kənd Təsərrüfatı və Qida Nazirliyinin himayəsi altında “Dad Planeti” qastronomiya tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fransada akkreditə olmuş səfirliklər ölkələrinin ərzaq məhsullarını təqdim ediblər.
Səfir Rəhman Mustafayev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, kənd təsərrüfatı və milli qastronomiya sahələri hər bir millətin mədəniyyətinin təcəssümüdür. Kənd təsərrüfatının iqtisadiyyatımızın şaxələndirilməsi strategiyasının prioritet istiqamətlərindən olduğunu diqqətə çatdıran Rəhman Mustafayev qeyd edib ki, ölkəmiz tarixən müxtəlif dinləri və mədəniyyətləri özündə birləşdirməsi ilə fərqlənib. Azərbaycanın çox zəngin tolerantlıq və multikulturalizm ənənələri var. O, iştirakçılara Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyi barədə də məlumat verib.
Azərbaycanın kənd təsərrüfatı nazir İnam Kərimov çıxış edərək, “Dad Planeti”nin əhəmiyyətinə toxunub, onun dostluq, sülh və həmrəylik mesajlarını təşviq etdiyini bildirib. Tədbirin diplomatlar tərəfindən təşkil olunmasını təqdir edən nazir, fransalı aşpaz Oqust Eskofyenin “mətbəx sənəti diplomatiyanın bəlkə də ən yararlı formasıdır” ifadəsini xatırladıb. İnam Kərimov Azərbaycanın zəngin mətbəxi haqqında məlumat verərək, dolma və lavaş hazırlama və paylaşma ənənəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycan ənənəsi kimi daxil edildiyini vurğulayıb.
Fransa Kənd Təsərrüfat Nazirinin kabinet rəhbəri Beatris Fresenon və Avstriya səfirinin müşaviri, Kənd Təsərrüfatı üzrə Müşavirlər Korporasiyasının sədri Dieter Beisteiner isə tədbirin əhəmiyyətindən danışıblar.
Tədbirdə Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədovanın rəhbərlik etdiyi kiçik və orta fermer təsərrüfatı sahiblərindən ibarət nümayəndə heyəti ölkəmizdə yetişdirilən, eləcə də yerli istehsal ərzaq məhsullarını, milli təamlarımızı təqdim edib. Kiçik və orta şirkətlərin istehsal etdiyi mürəbbələr, meyvə quruları və şirələri, şərablar, çay, paxlava, şəkərbura, eləcə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş yarpaq dolması, səbzili plov, pomidor dadına və keyfiyyətinə görə tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanın kənd təsərrüfat məhsullarının yüksək səviyyədə qablaşdırılması da rəğbətlə qarşılanıb.
Tədbirdə Fransada akkreditə olmuş 15 ölkənin – Almaniya, Avstriya, ABŞ, Kanada, Bolqarıstan, İsveçrə, Macarıstan, Litva, Estoniya, Sloveniya, Malta, Niderland, Finlandiya və İrlandiyanın səfirlikləri iştirak edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris