Uzun Novruz tətili ölkənin media məkanında dərin sükut yaradıb. Martın 20-dən bəri əksər nəşrlər işıq üzü görmür. Aparıcı gündəlik qəzetlərdən yalnız “Azadlıq” (martın 25-dən) və “Yeni Müsavat” (martın 26-dan) tətilə son veriblər. Əksər nəşriyyatlar və yayım firmaları çalışmadığından qəzetlər çıxmır.
“Media forum” saytına danışan “Qaya” Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyev qəzetlərin nəşrində böyük fasilələrin yaranmasının onların maliyyə durumuna birbaşa mənfi təsir etdiyini vurğulayıb: “Məncə, uzun Novruz tətilinin olacağını bəri başdan bildiklərindən redaksiyalar bu məsələni diqqətdə saxlamalı idilər. Oxucularla bu ayrılıqda redaksiyaların da günahı var. Bayram oldu-olmadı, oxucu öz qəzetini hər gün köşkdə tapmaq istəyir. Qəzetlərin öz fəaliyyətini tam dayandırması düzgün deyil.
X.Əliyev qəzetlərin fəaliyyətində belə fəsilələrin heç bir beynəlxalq standarta uyğun olmadığını deyib: “Biz hər zaman qəzetləri yaymağa hazırıq. İşimiz qəzetlərin mütəmadi çıxmasından asılıdır. Hər halda onlar oxucuları nəzərə almalıdır”.
«Media forum»