On səkkiz il əvvəl mayın 28-də ANS ÇM radiosu fəaliyyətə başlayıb

On səkkiz il əvvəl mayın 28-də Azərbaycanın media məkanında yeni kütləvi informasiya vasitəsi fəaliyyətə başlayıb.

SalamNews anspress.com saytına istinadən xəbər verir ki, ölkə radiolarının o zamankı başdan-ayağa rəsmi efir tonu ilə uzlaşmayan, orta və uzun dalğalarda, daha çox sovet ənənələri əsasında tərtib edilən proqramlardakı səslərdən fərqlənən bu səs Vahid Mustafayevin səsi idi. Azərbaycanda ilk FM radiostansiyası – Milli Qəhrəman Çingiz Mustafayev adına ANS ÇM məhz belə yarandı. Ölkənin efir məkanına ciddi islahat modeli kimi daxil olan radiostansiya əvvəlcə cəmi bir nəfərdən ibarət idi. Yaradıcı da, aparıcı da, prodüsser də, növbətçi reportyor da Vahid Mustafayev idi. Ancaq bu gün radiostansiyada onlarla insan çalışır və kollektiv 24 saatlıq fasiləsiz efirdə müxtəlif təbəqələri təmsil edən dinləyicilərinə onlarla veriliş təqdim edir. Bunadək radiolar yalnız özü danışırdısa, ANS ÇM dinləyicini də həmsöhbətə çevirdi. Azərbaycanın problemlərini, vətəndaşların qayğılarını onlarla birlikdə müzakirə etməyə başladı. Yeni nitq xüsusiyyətləri, danışıqda istifadə olunan və ilk baxışda dördüncü sort söz təsiri bağışlayan ifadələr efirə yol tapdıqca ANS ÇM-in dinləyiciləri və bəzi sözbazlar hay-küy qaldırırdı. Efirin həddən artıq yüngülləşdirilməsini az qala faciə kimi qəbul edirdilər. Lakin ölkənin ilk fm stansiyası bu sınaqdan layiqincə çıxdı. Dinləyici anladı ki, onunla danışan insan da onun oxşarıdır, onun da dili elə dinləyicinin dilidir.

Bu gün həm də ANS TV-nin bayramıdır. Məhz mayın 28-də ANS-in müstəqil ötürücüsü və tezliyi quraşdırılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO