Nuşirəvan Məhərrəmli: “Vəziyyət belə davam etsə, çox sərt qərarlar verəcəyik

Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə Elektron Mediaya Yardım Fondunun birgə keçirdiyi “Teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması” təlim kursuna adi tədbirdə şura sədri Nuşirəvan Məhərrəmli televiziya və radio aparıcılarının peşəkarlıq səviyyəsinə toxunub və vəziyyətin olduqca acınacaqlı olduğunu deyib.

“Media forum” saytı xəbər verir ki, N.Məhərrəmli problemin həlli yolu kimi televiziya institutunun, yaxud akademiyasının yaradılması məsələsini sürətləndirməyi məsləhət görüb.

O bildirib ki, teleradio sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq, bu sahədə işləyənlərin üzərinə böyük məsuliyyət qoymaq gərəkdir: “Aparıcılar cəmiyyəti teleradio vasitəsilə maarifləndirirlər, amma təəssüf ki, onlar arasında nümunə göstərəcək şəxs yoxdur. Onların fəaliyyətində bizi qane etməyən məqamlar var. Yaxşı aparıcıların yetişməsi prosesində boşluq yaranıb. Əsas problem Azərbaycan ədəbi dilinin normalarının pozulması, sözlərin bəzən həddindən artıq sürətlə, yaxud əksinə, çox zəif tələffüz olunması, yaxud aparıcıların özlərini ifrat dərəcədə sərbəst aparmasıdır”.

N.Məhərrəmli qocaman diktorlardan nümunələr göstərərək hazırda aparıcılar arasında normal danışanların azlıq təşkil etdiyini bildirib: “Ən böyük narazılıq ədəbi dillə bağlıdır. Aparıcıların timsalında biz həm rus dilinin, həm də Osmanlı türkcəsinin dilimizə böyük təsiri olduğunu görürük. Əgər vəziyyət belə davam edərsə, onlarla bağlı mövqeyimizi sərtləşdirəcək, onlardan Azərbaycan ədəbi dilində normal danışmağı tələb edəcəyik”.

Şura sədri aparıcıların nitqində pəltəklik, burunda danışma və sair halların olduğunu qeyd edib və vurğulayıb ki, MTRŞ 2003-də “Ədəbi dilin istifadə qaydaları” adlı kitabça hazırlayıb, onları teleradiolara paylayıb: “Amma bu gün aparıcıların heç birinin bundan xəbəri yoxdur. Aparıcıların efirdə sərbəstliyi o dərəcədədir ki, efirdə yersiz və süni şıltaqlıqlar edirlər”.

N.Məhərrəmli “Azərbaycan dilinin istifadəsi haqqında” qanuna əsasən, teleradiolarda milli-mənəvi dəyərlərin qorunması məsuliyyətinin MTRŞ-ə aid olduğunu söyləyib və ona görə də teleradio şirkətlərinin yaradıcı işlərinə müdaxilə edə biləcəklərini vurğulayıb: “Adətən, yaradıcı işlərə müdaxilə etmirik. Lakin qanunların müxtəlif bəndlərini əsas götürüb yaradıcı işlərə də müdaxilə edə bilərik. Biz bunu istəmirik. Ancaq vəziyyət belə davam etsə, ayrı-ayrı televiziyaların və radioların verilişləri araşdırılacaq, çox sərt qərarlar verəcəyik”.

MTRŞ sədri aparıcıların işə qəbulu üçün vahid mexanizm hazırlanmasını təklif edir: “Televiziya və radiolardan deyirlər ki, biz müsabiqə keçiririk. Amma heç kəsə bəlli deyil ki, bu müsabiqələr necə keçirilir, aparıcılar hansı standartlara uyğun seçilir?”

N.Məhərrəmli efirdən rus dilində danışmağa can atanlara da iradını çatdırıb: “Kimlərsə özlərini intellektual göstərmək üçün rusca danışırlar. Onlar necə intellektualdırlar ki, 1990-cu ildən indiyə qədər Azərbaycan dilini öyrənə bilməyiblər. Gərək indiyə qədər onlar doğma dilimizdə bülbül kimi cəh-cəh vuraydılar. Bir neçə il bundan əvvəl məmurların bir neçəsi fikirlərini Azərbaycan dilində çatdıra bilmirdi, amma bu gün vəziyyət xeyli düzəlib”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO