İnternet nəhənginin televiziya möcüzəsi

İstifadəçi internet üzərində yayımlanan axın kontentinə baxmaq, veb-saytlar açmaq və veb-əlavələrdən istifadə etmək imkanı da qazanır

San-Fransisko şəhərində keçirilən “Google I/O” tərtibatçılar konfransında “Google TV” layihəsi təqdim olunub.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Google TV” adi televizordan internetə çıxış və digər yeni imkanlar təqdim edən açıq platformadır.

“Google TV” “Android” proqram platforması və “Intel Atom CE100” aparat platforması əsasında yığılıb. “Google TV” bazasında qurğunu televizora qoşmaqla istifadəçi internet üzərində yayımlanan axın kontentinə baxmaq, veb-saytlar açmaq və veb-əlavələrdən istifadə etmək imkanı qazanır. Bunun üçün “Google TV”də “Google Chrome” veb-brauzeri quraşdırılıb. Bu zaman istifadəçi adi telekanallar və ödənişli teleyayıma da baxa biləcək. “Google TV”nin təqdim edəcəyi səs və təsvir keyfiyyəti heç də ev kinoteatrından geri qalmayacaq.

“Google TV” vasitəsi ilə böyük kontent kitabxanaları və kanallar siyahısı ilə rahat işləmək olacaq. Burada söhbət internet, standart teleyayım, ödənişli televiziya və qurğunun rəqəmsal yaddaşından gedir. Cari ilin sonuna kimi “Sony” və “Logitech” şirkətləri yeni modulla təchiz olunmuş qurğu təqdim etməyi planlaşdırır. “Sony” quraşdırılmış “Blu-ray” modulu olan telequrğu və “Google TV” bazasında televizorlar seriyası buraxmaq niyyətindədir. “Logitech” isə istənilən istehsal markalı televizor və ya telequrğu tərəfindən dəstəklənən ayrıca qurğu təqdim etməyi düşünür. “Logitech”in istehsal edəcəyi qurğu “Logitech Harmony” məsafədən idarə olunma texnologiyası ilə təchiz olunacaq. Bundan əlavə, yeni qurğu satışa klaviatura kontrolleri ilə birgə çıxarılacaq. İsveçrə şirkəti “Google TV” üçün xüsusi videokamera da təqdim etməyi planlaşdırır. Bu cür kamera vasitəsilə istifadəçilər videoçatlarda iştirak edə biləcəklər.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO