İnsan problemindən reytinq qazanan ANS

O gün televizora baxanda bərk əsəbləşdim. ANS TV bütün günü iki qızına təcavüz edən ata haqqında informasiya verəcəyi haqqında davamlı olaraq anonslar yayımlayanda həyəcan və əsəbimdən bilmirdim nə edim. “Xəbərçi”nin buraxılışları,“İç xəbər”, “Növbətçi” ardıcıl olaraq “bu sensasion” xəbəri elə təqdim edirdi ki, sanki Azərbaycanın ən vacib, həyati əhəmiyyətli bir hadisəsi baş verib. Əminəm ki, bu xəbəri hazılayanlar özlərindən tam razı idilər. “Dəqiq, qərəzsiz, vicdanlı” xəbər hazırlamışdılar.

Fikir verin, ANSpress-də dünənki məlumata: “(Yerin adı verilir – H.Ə.) 2 qızını zorlayan ata ANS-ə danışdı”…

…“39 yaşlı (ad-soyad verilir – H.Ə.) əməlindən peşman olduğunu deyib…”.

Açıq-aşkar bu adamdan (belə demək mümkünsə) müsahibə almağı hünər sayırlar.

Təəssüf ki, ölkənin bir sira informasiya vasitələri, bir sıra xəbər portalları bu xəbəri olduğu kimi təkrar verərək ANS-in böyük günahına şərik oldular. Sırada “Yeni Müsavat” da vardı. Cənablar, necə ola bilər ki, hərəkətlərinizin məsuliyyətini dərk etmirsiniz?

Facebook-da bu məsələ ətrafında qızğın müzakirələrin şahidi oldum. Xaçmazda fəaliyyət göstərən RTV-də departament rəhbəri Elxan Yusiflinin mövqeyi diqqətimi çəkdi: “Atanın qızlarını cinsi təcavüzə məruz qoymasını baş xəbər edib efirə verən telekanalları və bunun üçün ideal şərait yaradan hüquq-muhafizə orqanlarını qınayıram. Onları indidən özünü öldürmə həddinə çatdırma maddəsi ilə mühakimə etmək lazımdı… O yeniyetmə 2 qız ikinci defe zorlandılar… İndi onlar nə etsin… Onların 2 yolu var, məncə. Ya uzaq bir yerə köçmək, ya da …”.

Doğrudan da, cənab “vicdanlı” xəbərçilər, bu xəbəri verən Polis şöbəsi, o qızlar özlərinə bir xətər yetirsələr, bunun günahı kimdə olacaq? Bu barədə heç fikirləşmisiniz? Axı o qızlar məktəb yaşındadılar. Onları barmaqla göstərərək deməyəcəklərmi, atalarının təcavüzünə məruz qalan qızlar bunlardır? Axı bu xəbəri başqa formada da vermək olardı: “Ata”-nın adını çəkmədən, görüntülərdə onun üzünü göstərmədən, yaşadıqları ərazini bildirmədən… Budurmu sizin professionallığınız? Yoxsa hay-küyünüz daha effektli alınsın deyə, qəsdən belə eləmisiniz?

İnsan taleyi ilə oynayaraq reytinq qazanmaqmı olar? Bu halaldırmı? Guya bunlar hadisəni olduğu kimi verirlər. Bəs niyə cəmiyyətdə gedən ictimai-siyasi prosesləri olduğu kimi vermirsiniz? RTV-nin icraçı direktoru Məhsim Məhsimov: “… Sanki bu ölkədə ilk dəfədir ki belə bir hadisə baş verir. Mən o utancgətirici hadisəni demirəm, ANS-in bu kimi hadisələri prioritet etməsindən danışıram. Medianın qızını zorlayan atanın hekayəsini baş xəbər edərək ictimai şüuru zorlamasından danışıram. Mən adam tanıyıram ki, ANS-ə müsahibə verdiyinə görə həbsdə yatıb. Bundan xəbərdar olan telekanal nümayəndəsi isə heç bir reaksiya verməyib. Çünki, həmin insan ona reytinqli materialı hazırlayanadək lazım idi. Sonrası isə kimsəni maraqlandırmır. İllərdir insanın problemlərindən reytinq qazanırlar. Odur ki, dostlar, bu nə ilkdir, nə də son. Sonun gəlməsi üçün bu ölkədə peşəkar medianın formalaşmasına ehtiyac var”.

Təəccüblüsü budur ki, Azərbaycan İslam Partiyası (AİP) bu olaydan özünə siyasi xal tutmağa çalışıb.

Partiya (bəyanatda yer, ad-soyad olduğu kimi yazılır – H.Ə.) törətdiyi əməli kəskin pisləyərək narahatlığını ifadə edib: “Bu kimi olaylar cəmiyyət üçün çox böyük və utandırıcı ləkədir və bu, cəmiyyətin kökünü baltalayan hadisədir”.

İslam Partiyası bu kimi hadisələrin əsas səbəbi kimi cəmiyyətdə İslam maarifinin qarşısının alınmasını göstərib: “Əksər telekanallarda və digər təbliğat vasitələrində mənəviyyatımızın tam əksinə təbliğatın aparılması, bundan əlavə, adi etik qaydaları və İslam dəyərlərinin cəmiyyətdə təbliğ olunmaması və bunlara süni şəkildə məhdudiyyətlərin qoyulması belə hadisələrə rəvac verən amillərdən hesab oluna bilər”.

AİP bu kimi halların son günlər “Dini etiqad və vicdan azadlığı” haqqında qanuna mürtəce dəyişikliklərin nəticəsi hesab edir. Partiya islam dininin maariflənməsini məhdudlaşdıran dəyişikliklər insanlarda dinə qarşı qorxu yaratdığını bildirib: “Hesab edirik ki, ziyalılar, ictimai təşkilatlar, uşaqların hüquqlarının qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatları, Qafqaz Müsəlmanları İdarəsi bu vəhşiliyə göz yummamalı və dərhal münasibət bildirib, yaxından maraqlanmalıdırlar.” (?)

AİP siyasi təşkilat olaraq, bütün cəmiyyəti … baş verən hadisəyə biganə olmamağa çağırır.

Bu qədər. İslamçıları da hadısə narahat edir. Bəs bu başıbəlalı qızların taleyi?

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin müəllimi Zeynal Məmmədli “Yeni Musavata” müsahibəsində deyib ki, Azərbaycan kanallarının durumu bərbaddır: “Biz bu telekanala baxırıq. Baxdıqca yanağımız qaralır”.
“Son günlər medianın Xaçmazda baş verən tükürpədici olayla bağlı yaydığı xəbərlər birmənalı qarşılanmır. Söhbət rayon sakinlərindən birinin iki azyaşlı qızına təcavüz etməsindən gedir. Telekanallar, bəzi qəzetlər xəbəri verərkən jurnalistika normalarından uzaqlaşıb. Məsələn, bu iyrənc əməli törətmiş atanın üzünün ANS-də açıq-aydın göstərilməsi, qəzetlərdə hadisənin baş verdiyi məkanın, ata-ananın adının dəqiq verilməsi ciddi qüsurdur” deyən Z.Məmmədli hesab edir ki, medianın olaya bu cür yanaşması qeyri-peşəkarlıqdan xəbər verir.

P.S. Amma çıxış yolu da, günahınızı yumaq üçün fürsət də var. Allahdan qorxun. O qızları himayəyə götürün.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO