Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 70 illik yubileyinin qeyd olunması barədə sərəncam imzalayıb. Bu il respublikamızın mühüm elmi-mədəni ocaqlarından biri kimi tanınan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 70 illiyi tamam olur.
Zəngin ənənələrə malik Azərbaycan ədəbi-bədii fikrinin öyrənilməsi və görkəmli ədiblərimizin tanıdılması sahəsində səmərəli fəaliyyətini nəzərə alınaraq, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyinin layiqincə keçirilməsini təmin edilməsi üçün bu sərəncam verilib. Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.