Niyə xəbərə mükafat verən yoxdur?

Bu xəbər Azərbaycanda təzə xəbər deyil: jurnalist müsabiqələri keçirən təşkilatların heç biri xəbərə görə mükafat nəzərdə tutmur. Reportaja, araşdırma yazısına, oçerkə, esseyə, başqa publisistik janrlarda qələmə alınmış materiallara mükafat verən var, amma xəbərə yox.

Xəbər təzə xəbər olmasa da, problem kimi maraqlıdır: nə üçün jurnalistikanın bel sütununu təşkil edən XƏBƏR Azərbaycanda mükafatsızdır? “Media forum” saytı bu suala cavab tapmağa çalışıb.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, “Media açarı” mükafatının təsisçisi Arif Əliyev qeyd edir ki, jurnalist yazıları ilə bağlı müsabiqələr həmin sahələrin inkişafına yönəlir: “Xəbər əslində digər janrlar üçün kərpic, ilkin xammal rolunu oynasa da, çox çətin janrdır. Dünya jurnalistikasında ən böyük misallar kimi göstərilən nümunələr xəbər mənbələri ilə bağlıdır. Bu janrın özünəməxsus çətinlikləri var. Müsabiqələr zamanı xəbərin kriteriyalarını qiymətləndirmək çox çətin olar.

Bu gün Azərbaycan jurnalistikasında xəbərin keyfiyyəti ilə bağlı ciddi problemlər var: “Hərdən bəzi mətbuat orqanları xəbərin nə olduğunu düzgün müəyyənləşdirə bilmir. Analizlə xəbər qarışdırılır. Saytlarda operativlik naminə yüksək sürətə xüsusi önəm verilməsi nəticəsində əlavə problem – qeyri-dəqiqliklər ortaya çıxır. İnformasiya cəmiyyətə təqdim olunur, amma bir qədər sonra təkzib edilir. Ən azı xəbərin son detalları ilk detallarından xeyli fərqlənir.

Janr haqqında klassik səviyyədə danışılsa, bu gün xəbər digər jurnalistika janrlarının – müsahibənin, məqalənin, reportajın və başqa janrların əsasını təşkil edə bilmir. Bu gün xəbərin əldə olunması ilə bağlı problem var. Hər hansı hadisə baş verəndə hətta olay yerindəki jurnalistin informasiya almaq, hərəkət etmək imkanı çox məhdudlaşdırılır. Hətta bu məhdudiyyət yumruqla məhdudlaşdırılır”.

A.Əliyev xəbərlə işləyən jurnalistlərin bəzən keyfiyyətsiz məhsul təqdim etdiyinə diqqət çəkir: “Bir misal. Bu günlərdə informasiya agentliklərində Mətbuat Şurasının yaydığı xəbəri oxudum. Orada deyilirdi ki, Azərbaycanda ümumilikdə 850 min tirajla 325 adda qəzet yayımlanır. 850 min tirajın gündəlik, həftəlik, ya aylıq göstərici olduğu xəbərdə verilməmişdi. Bu, oxucuya tapmaca təqdim etməkdir. Bu xəbər məni – media sahəsində çalışan şəxsi belə çaş-baş saldı. Həm də mən neçə sayta baxdımsa, eyni xəbər yer almışdı. Analitik yazı yazan şəxs üçün bu xəbər heç bir önəm daşıya bilməz. Yəni xəbər dəqiq olmadığından jurnalist bu faktın Azərbaycan mediasının inkişafına, yaxud geridə qalmasına dəlalət etdiyini bilməyəcək.

Xəbər üçün başlıca məqam faktın dəqiqliyidir. Bu gün Azərbaycan mediasında faktın dəqiqliyi ilə bağlı problemlər var. İkincisi, xəbər janrına həm də teleqraf üslubu deyilir. Xəbərdə qısa və anlaşıqlı məlumatlar olmalıdır. Bəzən xəbər o qədər mürəkkəb dildə verilir ki, onun axırına çıxanda nəyin baş verdiyini çətin başa düşürsən. Üçüncüsü, tez-tez xəbərlə rəy qarışdırılır. Bəzən nəinki ekspertlərin, hətta jurnalistin fakta rəyi xəbərdən ayrılmır”.

Media eksperti bu çatışmazlıqlara kompleks yanaşmağın tərəfdarıdır: “Burada təhsil sistemində olan problemlər də var, redaksiyaların kadr hazırlığı prosesinə səhv yanaşması da, informasiya əldə etməyin çətinlikləri də. Bu elə bir xəstəlikdir ki, bir dərmanla müalicə eləmək mümkün deyil. Təhsil səviyyəsindən şikayətləniriksə, çox geniş treninq, seminar şəbəkəsi var. Ancaq seminarlarda verilən bilgiləri tətbiq etmək ya çox çətin olur, ya da mümkün olmur”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli qeyd edir ki, 1980-ci illərin sonları – Qorbaçov dövrünün “yenidənqurma” illəri Elçibəy dövrünün jurnalistikası ilə müqayisə olunsa, 1990-cı illərdə xəbər Azərbaycan jurnalistikası üçün şah yerdə idi: “O vaxtlar seçim imkanı və bəlli bir plüralizm vardı. Xəbərin özündə təsdiqlənmiş məlumat, faktlara istinad bu günlə müqayisədə çox-çox irəli vəziyyətdə idi. Demirəm yüksək səviyyədə idi, sadəcə, bu günlə müqayisədə irəli vəziyyətdə idi. Təəssüf ki, jurnalistin məlumat əldə eləmək imkanlarının məhdudluğu, söz azadlığı sərhədlərinin daralması, mediaya inamın azalması fonunda bu gün xəbərin aparıcı janr olduğunu deyə bilmərik”.

Xəbərin redəktə əsaslarından söz açan Z.Məmmədli bütün dünyada qəbul olunmuş standartların varlığı haqqında danışır: “Qərəzsizlik, vicdanlılıq, tərəfsizlik, faktlara istinad, onların ardıcıl verilməsi və digər standartlar var. Azərbaycanda sərbəst bazar olmadığından və qeyri-peşəkarlıq baş alıb getdiyindən bu standartlara fikir vermək o qədər də asan olmur”.

Qərb baxışına görə, bütün jurnalist materiallarının xəbər sayıldığını deyən ekspert xəbər janrını ayırmağın vacibliyini qeyd edir: “Olaydan, hadisədən sonra baş verən hadisədən danışırıqsa, qərb mətbuatında buna xəbərçilik deyilir. Ayrıca bir olayın işıqlandırılması ilə bağlı mükafatın verilməsi Azərbaycanın bu şərtlərində nə dərəcədə məqsədə uyğundur? Sual doğuran məsələ budur. Xəbər vermək, yaymaq vasitəsi olaraq elektron medianın önəmi xüsusidir. Əsas məsələ xəbərin xüsusi çəkisini artırmaq və xəbərə diqqət cəlb etməkdir. Reportyorluq çox həssas sənətdir. Burada onun özündən asılı olmayan şərtlər var. Siyasi, iqtisadi, inzibatı məhdudiyyətlər var. Misal üçün, müxbir önəmli xəbər hazırlaya bilər, menecer onu ya dəyişdirər, ya da heç verməz”.

BDU-nin jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli xəbərin yayılması ilə bağlı hər bir mətbuat orqanının öz siyasətinin olduğunu deyir: “Tipoloji sisteminə görə də müxtəlif tipli qəzetlərimiz var. Qəzet var ki, informasiyanı şişirdir, sensasiya səviyyəsinə qaldırır, bəzən təhqirdən, böhtandan da çəkinmir. İnformasiyaya müdaxilə edir, verilən xəbərdə jurnalist rəy bildirir. Amma elə qəzetlər, informasiya orqanları var ki, onların siyasəti ictimai maraqlara söykənir. Mənim üçün ictimai maraq kəsb edən informasiya daha maraqlıdır. Belələri azdır, amma hər halda var”.

Uzun müddətdir ki, jurnalistikanın beynəlxalq doktrinaları ilə – dəqiq, qərəzsiz, vicdanlı, xəbərə mövqe bildirmədən təqdim etmə standartları ilə işlədiyini önə çəkən professor buna əməl olunmasında böyük problem olduğunu deyib: “Bu gün Azərbaycan xəbərinin problemi fakta qərəzli yanaşma, fakta partiya mövqeyindən, fakta ideoloji yanaşma problemidir”.

C.Məmmədli Azərbaycan jurnalistikasında müşahidə elədiyi neqativ haldan danışır: “Misal üçün, televiziyada çıxış edən bir şəxsin dilindən deyilən fikir kontekstdən çıxarılaraq ayrı-ayrı qəzetlərdə, informasiya agentliklərində xəbərə çevrilir. Əslində isə belə olmamalıdır. Xəbər digər jurnalist janrlarının əsasını təşkil eləməlidir”.

Professor xəbərlə bağlı müsabiqələrin keçirilməsi ilə bağlı məsələnin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi qarşısında qaldıracağını deyir: “Bu, bir layihənin əsasını təşkil edir. Hətta bu layihəyə “Təmiz qələm” adını da vermək olar. Yəni informasiyanı standartlara uyğun hazırlayan təmiz qələm sahiblərini mükafatlandırmaq lazımdır. Bunu bir dəfə deyil, hər il, dövri olaraq keçirmək mümkündür”.

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edir ki, Azərbaycanda xəbər janrının inkişafı, mətbuat orqanlarında beynəlxalq standartlara uyğun xəbər verilməsi üçün fondun müsabiqə eləmək imkanları yoxdur: “Çünki fondun fəaliyyəti ilə bağlı dövlət konsepsiyası var. Orada mövzular qeyd olunub. Biz öz fəaliyyətimiz çərçivəsində kənara çıxa bilmirik”.

Lakin icraçı direktor belə bir layihənin hansısa ayrı dövlət qurumu ilə birlikdə həyata keçirməyin mümkün olduğunu deyir.

Azərbaycan mətbuatında dərc olunan xəbərlərin önəmindən danışan V.Səfərli xəbər verməklə bağlı peşəkarlığın yüksək olmadığını vurğulayır: “Gün ərzində neçə qəzetə baxırsansa, hamısında eyni xəbərlər görürsən. Özü də xəbər agentliklərinin yaydığı məlumatlar. Xəbər qıtlığı var qəzetlərdə”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO