Nitsşe də bir zamanlar kitab yazardı

Neçə ildir yazı yazsam da bu suala cavab tapa bilmirəm.
Bu haqda bir çox yazıçının fikirlərini oxudum.
Doğru-dürüst bir cavabı yoxdur.
Fəlsəfi bir cavabı olmalı hər halda bu sualın.
“Mövcudluq mahiyyətdədir” kimi.
Yəni yazmağın səbəbi ancaq yazmaq istəyindədir.
Heç nə planlaşdırmadan, heç nə haqda düşünmədən bir də ayıldım ki. “Çiyələkli gecənin pornoqrafiyası”nı bitirmək üzrəyəm.
Dünyada iki tip yazar var, əvvəlcədən hər şeyi planlaşdırıb, sonra yazanlar.

Bir də var heç nə düşünmədən stol arxasına keçib yazanlar.
Dostoyevski birinci tiplərdən idi, qardaşına yazdığı məktubunda belə yazmışdı: “Təzə romanım var, 12 fəsildir, hər şey əladır, qalır bircə onu yazmaq”.
Amma məncə ən yaxşı yazılar da beynində bir mövzu olmadan sadəcə içində yazmaq istəyi hiss edib bilgisayarın qarşısını keçməkdən yaranır.
Bir söz də var: özüm üçün yazıram.
Əlbəttə pulla namizədlik dissertasiyaları, yekəbaş deputatlar üçün yazılan məqalələri nəzərə almasaq hamı özü üçün yazır.
Lakin oxucusu olmayan bir yazı ölü doğulur.
Sağlığında kitabı çıxmayan yazıçılar olub, uzağa getməyək Mirzə Fətəlinin Kəmalüddövlə məktubları ölümündən sonra çap edildi.
Katolik keşişi Melye “Etiraflarım”ı ölümündən sonra çap oluna bildi.
Amma onların hamısı çox güman ki yazdıqlarının çap ediləcəyinə dərin inamla yazmışdılar.
Kopernikin kitabı çap ediləndə o ölüm ayağında idi, amma kitabını gördü və yəqin ki, rahat öldü buna görə.
Aldığı son qoxu mətbəə qoxusu oldu.
Ən kədərli olan isə Nitsşenindir, ömrünün sonlarında yaddaşsızlıqdan əziyyət çəkən filosof bir gün kiminsə əlində kitab görmüş və demişdi: Mən də bir zamanlar kitab yazardım.
“Özüm üçün yazıram” deyənlərə inanmayın, yazdıqlarının çapı üçün ən çox çalışanlar məhz onlardır.
Yazı yazmağın insanı rahatlatdığı da psixologiyada sübuta yetirilib.
Əslində bu məqam təkcə yazarları yox, adi insanları da yazmağa motivə etməlidir.
Amma istənilən halda yazmaq çox mürəkkəb bir məsələdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO