“İncilər” jurnalının birinci sayı artıq oxucuların görüşünə gəlib

“İncilər” jurnalının birinci sayı artıq oxucuların görüşünə gəlibJurnalın gənc kollektivi hesab edir ki, bugünkü qəzet-jurnal bolluğunda oxucular bəzən çaşbaş qalır, nə oxuduqlarını və ya nə oxumaq istədiklərini aydınlaşdırmaqda çətinlik çəkirlər. Bu baxımdan “İncilər“ oxucuları bu çaşqınlıqdan qurtarmağa çalışıb. Kollektivin fikrincə, müxtəlif rubrikalarla zəngin dərgini vərəqləyən oxucu nə istədiyini dərhal anlayacaq. Çünki “İncilər” sırf oxucuların zövqünə köklənən jurnaldır.

Jurnalın baş redaktoru Bəyimxanım Vəliyeva bildirib ki, yeni dərginin yaranma ideyasını “Xəzər” telekanalında yayımlanan “İncilər” verilişinin davamı hesab etmək olar “Yeni dərgi sadə və gözəl bir biçimdə – “İncilər” formasındadır. Belə ki, incə zövqlərin, incə məqamların, incə duyğuların içərisində oxucu axtardığı bütün “İncilər”i bundan sonra yalnız “İncilər”də tapa biləcək”.
Jurnalın 1-ci sayı kollektivin vədlərinə gerçək nümunədir. Dərginin kollektivi tanınmış şou biznes nümayəndələrinin heç kəslə bölüşmədikləri sirləri, kino ulduzlarının pərdəarxası həyatları, tanınmış sənətkarlarla müsahibələri, müasir dəb, kinematoqrafiya, musiqi, səhiyyə və s. aləmdə baş verən olaylarla bağlı bir-birindən maraqlı məqalələri və informasiyaları oxuculara çatdırmağa çalışıblar.
Jurnalda bir-birindən müxtəlif rubrukalar yer alıb. Mədəniyyət, şou-biznes, kino və teatr aləmi, gözəllik, dəb, sağlamlıq, kişi və qadınlara aid mövzuları, körpələr aləmi oxuculara ən fərqli və peşəkar formada təqdim olunub. Dərginin kollektivi qeyd edir ki, rubrikaların hazırlanmasında oxucuların bütün istək və arzuları, təklifləri də nəzərə alınacaq.
Jurnalın kollektivinin hər dəfə oxucularla ünsiyyətdə olması üçün nə qədər yaradıcılıq axtarışlarında olduğunu bilməkdən ötrü heç şübhəsiz, mütləq dərginin oxucusu olmaq lazımdır. “İstəyirik ki, münasibətlərimiz qarşılıqlı qurulsun! Sizin ideyalarınız dostluğumuz üçün əla fürsətdir.
Ona görə də hər zaman səninlə bərabər addımlamağa çalışacağıq. Üstəlik də zövqlərimizin üst-üstə düşməsi… Ümid edirik ki, yaxın dost və həmfikir olacağıq! İrəlidə yeni rubrikalar, bir-birindən maraqlı materiallar sizi gözləyir. Axtarışda olub bir-birindən maraqlı materialları çatdırmaq bizdən, onları oxumaq və dəyərləndirmək isə sizdən!”- deyə oxuculara vəd edir.
Jurnal ətrafına gənc peşəkar kollektiv toplayıb. Ayda bir dəfə işıq üzü görəcək “İncilər”in kollektivi əmindir ki, böyük həvəs və gərgin zəhmətlə ərsəyə gətirdikləri “İncilər” zövqləri oxşayacaq və sevimli stolüstü dərgiyə çevriləcək. “İncilər”in elə ilk saydan hər birinizin qəlbinin “inci”sinə çevriləcəyinə ümid edirik. Böyük həvəslə sərf etdiyimiz əməyimizə və sevgimizə inanaraq, növbəti saylarımızı səbirsizliklə gözləyəcəyinizi bilirik. Biz gənc, lakin peşəkar bir kollektivlə yeni və məsuliyyətli bir işi öhdəmizə götürərək, uğurla addımlar atacağımıza əmin olduğumuz uzun bir yola qədəm basırıq və inanırıq ki, bu yolda uğur və ilham qaynağı bildiyimiz oxucularımızın sayı-hesabı olmayacaq”.
«Kaspi» qəzetinin kollektivi ilk sayı münasibəti ilə jurnalın yaradığı heyətini təbrik edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO