Nazirlər kabineti Bəxtiyar Vahabzadə təqaüdü təsis etdi

Baş nazir Artur Rasizadə “Bəxtiyar Vahabzadə adına” təqaüdün təsis edilməsi haqqında qərar imzalayıb. “Media forum” saytının məlumatına görə, qərara əsasən, təqaüd Azərbaycanın dövlət ali təhsil müəssisələrində filologiya təhsili alan tələbələrə veriləcək. Tədris ilinin hər bir semestri üçün nəzərdə tutulan təqaüdün verilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyində qəbul ediləcək . Təqaüdün xərcləri dövlət büdcəsi hesabına həyata keçiriləcək.

Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. İndiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1951-ci ildə namizədlik, 1964-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.

Bədii yaradıcılığa İkinci Dünya müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. 1940-cı ildən indiki Bakı Dövlət Universitetində dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.

70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir.

1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ dövlət mükafatlarına layiq görülüb. 1985-ci ildə Azərbaycan xalq şairi fəxri adını alıb. 1995-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.

Dörd dəfə Azərbaycan Ali Sovetinə (1980-1995), bir dəfə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib (1995-2000).

Bu il fevralın 13-də vəfat edib.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO