Nazirlə baş redaktorun məhkəmə çəkişməsi aprelin 8-də davam edəcək

Martın 29-u Bakı Apellyasiya Məhkəməsində daxili işlər naziri Ramil Usubovla “Femida 007” qəzetinin baş redaktoru, hüquqşünas Əyyub Kərimovun qarşılıqlı şikayətlərinə ilkin baxış keçirilib.

Hər iki tərəf Yasamal Rayon Məhkəməsinin fevralın 3-də çıxardığı hökmdən şikayət verib. Birinci instansiya məhkəməsi Ə.Kərimovu Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə təqsirli bilib. Baş redaktor aylıq maaşından 15 faizi tutulmaqla 1 il 6 ay müddətinə islah işlərinə cəlb olunub.

Baş redaktor bu cəzanın ləğvini, iddiaçı tərəf daha da sərtləşdirilməsini tələb edir.

Ə.Kərimovun “Media forum”a verdiyi məlumata görə, bəzi sənədlərin surəti vaxtında təqdim olunmadığına görə müdafiəni təşkil eləmək mümkün olmayıb. O, bugünkü baxış zamanı həmin sənədlərin surətinin müdafiə tərəfinə verilməsi üçün vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib. Proses aprelin 8-də davam edəcək.

Yasamal Rayon Məhkəməsi Əyyub Kərimovu daxili işlər naziri Ramil Usubovun imzaladığı iddia ərizəsi əsasında Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) təqsirli bilib.

Baş redaktor “Femida 007” qəzetində “Məktubazlıq”, “MTN və Baş Prokurorluq çox gözəl bilir ki, sifarişçi kimdir” başlıqlı, “Azadlıq” qəzetində isə “DİN oyunun içində və oyundankənar vəziyyətdə” sərlövhəli yazılarda polisin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirməkdə və bununla da nazir Ramil Usubova böhtan atmaqda günahlandırılır.

Bugünkü prosesdə qarşı tərəfdən DİN-in əməkdaşı Dableyka Quliyev və vəkil Əlirza Həbilov iştirak edib.

Ə.Kərimovun sözlərinə görə, nazir Ramil Usubov ümumilikdə üç nəfərə 2009-cu il oktyabrın 28-də notarial qaydada etibarnamə verib. Bunlardan biri nazirlik aparatının rəhbəri, general Nazim Əliyevdir. Əlirza Həbilov nümayəndə-vəkildir, nazirin digər nümayəndəsi isə Dableyka Quliyevdir. Apellyasiya şikayətini N.Əliyev imzalayıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO