Mütəxəssislər internet sorğusu haqda

İnternet səhifələrinin, xüsusilə internet KİV-lərinin çoxunda sorğular da keçirilir. Belə sorğularda həm sosioloji parametrləri gözləmək çətindir, həm də bir nəfərin bir neçə dəfə səs verməsi kimi halların qarşısını almaq. Belə bir vəziyyətdə internet sorğularının obyektivliyini təmin etmək üçün hansı addımlar atmaq olar?

“Media forum” saytı məsələyə kompüter proqramçısı Ramil Verdiyevin, “Transitions Online” təşkilatının Qafqaz üzrə layihə meneceri Emin Hüseynzadənin və Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün münasibətini öyrənib.

Ramil Verdiyev bildirib ki, internet sorğularının obyektivliyini təmin etmək üçün bir qayda olaraq iki metoddan istifadə olunur: “Ən rahat və populyar olanı “İP” yoludur. Yəni bir “İP”dən sutka ərzində yalnız bir dəfə səs verilməsi metodu. Ola bilsin, çoxlu kompüterin olduğu ofisə provayderdən yalnız bir “İP” gəlir. Bu o deməkdir ki, həmin ofisdə sutka ərzində yalnız bir dəfə səs vermək mümkün olacaq. Ona görə bu metod da tam təkmil sayılmır. Bundan əlavə, “proksi sayt”lar var. Hansısa internet səhifəsinə “proksi”dən daxil olanda həmin internet səhifəsi “proksi”nin “İP”si ilə görsənir. Yəni sorğu keçirən sayta “proksi sayt”ın serverinin “İP”si ilə daxil olduqda oxucu təkrar səs vermək imkanı qazanır.

İkinci metod “Kuki” (cookie) proqramı vasitəsilə həyata keçirilir. “Kuki” kiçik fayllardan ibarət proqramdır. Sorğunu keçirən sayt bu proqramı seçibsə, onun fayllarından istifadə edir. Bu zaman sayt elə proqramlaşdırılır ki, ondakı sorğuda səs verən şəxsin kompüterinə “Kuki” faylları avtomatik olaraq yazılır. Bunun sayəsində artıq həmin kompüterdən sorğuda səs verildiyi qeydə alınır, beləliklə, həmin kompüterdən ikinci dəfə səs vermək mümkün olmur.

Bu metodun qüsuru nədədir? Kompüterdən yaxşı başı çıxan adamlar sorğuda iştirak etmiş kompüterə avtomatik olaraq yazılan “Kuki” fayllarını tapıb silə bilər və beləliklə, sorğuda təkrar səs vermək imkanı qazanar”.

R.Verdiyev sözügedən iki metoddan ikincisinə – “Kuki”yə üstünlük verir.

Emin Hüseynzadə isə hesab edir ki, internet sorğusunun şəffaflığını təmin etmək baxımından ən etibarlı metod “İP” üzrə keçirilən sorğulardır: “Lakin bu metod da bir sıra problemlər yaradır. Məsələ ondadır ki, bəzi təşkilatlar internetə eyni bir “İP” ilə qoşulurlar. Nəticədə həmin təşkilatda nə qədər insanın kompüterdən istifadə etməsi və eyni saytı oxumasından asılı olmayaraq saytın keçirdiyi sorğuda sutka ərzində yalnız bir dəfə səs vermək mümkün olacaq. Bu, sözsüz ki, digərlərinin seçmək imkanının məhdudlaşdırılması ilə nəticələnir.

Ümumiyyətlə, internet sorğusu tam şəffaf ola bilməz. Burda problem təkcə informasiya texnologiyaları ilə bağlı deyil. Məsələn, araşdırmalar göstərib ki, sorğuda sualın təklif olunan cavabları uzundursa, insanlar oxumadan birinciyə cavab verməyə meyllənirlər. Texnoloji problemlər də fərqlidir. Məsələn, elə proqram və viruslar var ki, onların hesabına sorğunun yerləşdirildiyi sayt dayanmadan yenilənə bilər və nəticədə bir “İP”dən dəfələrlə təkrar səs vermək olar. Saytın statistikasını bu cür proqramların sayəsində necə yalandan şişirtmək mümkündürsə, sorğudakı səslərin sayını da eləcə artırıb-azalmaq mümkündür. Bunu hətta sayt administratorunun xəbəri olmadan etmək olar. İnternet sorğularına çox ciddi yanaşmaq doğru deyil”.

E.Hüseynzadənin sözlərinə görə, xüsusi əhəmiyyət kəsb edən sorğu keçirdikdə onun mühafizəsi ilə xüsusi məşğul olmaq zəruridir.

Osman Gündüz qeyd edib ki, internetdə sorğu müəyyən səciyyəvi xüsusiyyətlərə malikdir: “Burda fərqli maraqlar olduğundan həm sorğunu keçirən təşkilatlar, həm də istifadəçilər müəyyən metodlarla sorğunun nəticələrinə qəsdən təsir göstərə bilər. Bu səbəbdən ciddi analiz aparmadan hansısa internet sorğusunun real nəticəni əks etdirdiyini demək düzgün olmazdı.

İnformasiya texnologiyaları çox sürətlə inkişaf edir və internet sorğularının tənzimlənməsi üçün yeni proqramlar yaranır. Lakin həmin proqramlar az sonra təsirini itirir, çünki tez bir zamanda ona qarşı proqramlar da ortaya çıxır. Ona görə sorğunu düzgün idarə etmək üçün hansısa proqram işlənilirsə belə, sabah əks proqramın yaranması nəticəsində yenə eyni problemlər yaşanır”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO