MTRŞ sədri televiziyaların rəhbərləri ilə görüşüb

Milli Televiziya və Radio Şurasında (MTRŞ) ölkədə fəaliyyət göstərən telekanalların rəhbərləri ilə görüş keçirilib.

Görüşdə televiziya verişlərinin və proqramlarının keyfiyyətinin artırılması məsələsi müzakirə olunub. Lent.az-ın məlumatına görə bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, ümumrespublika yayımçılarına televiziya verişlərinin və proqramlarının keyfiyyətinin artırılması məqsədilə müəyyən tövsiyələr verilib.

“Verilişlərdə bayağılıq, şitlik, sünilik aradan qalxmalıdır. Verilişlərə çağırılan adamlar diqqətlə seçilməlidir. Hər insan efirə çıxarılmamalıdır. Yalnız örnək ola biləcək insanlar efirə çıxarılmalıdır. Telekanallar normal azərbaycanlı imici yaratmaq üçün öz üzərinə düşən işi görməlidir” – deyə, Nuşirəvan Məhərrəmli bildirib.

MTRŞ rəhbəri qeyd edib ki, son zamanlar televiziya və radiolarda aparılan monitorinqlər milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müsbət dinamikanın olduğunu göstərir. Ancaq bu sahədəki problemlərin çoxu hələ də qalmaqdadır: “Bizim gözlədiyimiz səviyyəyə çatmaq üçün telekanallar çox çalışmalıdırlar. Telekanallar müəyyən dərəcədə verilişlərinə əl gəzdiriblər, amma yüksək səviyyədə dəyişikliyi hələ görmürük”.

Onun sözlərinə görə, televiziyalarda keyfiyyət dəyişikliyinə nail olmaq üçün bu sahədə çalışan kadrların biliklərinin artırılmasına ehtiyac var, məhz bu ehtiyacın ödənilməsi məqsədilə MTRŞ televiziya işçiləri üçün treninq kursları təşkil edir.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO