Bölgələrdən birində yeni televiziyanın açılması məsələsi Milli Televiziya və Radio Şurasının martın ortalarında təşkil edəcəyi ümumrespublika konfransında müzakirə olunacaq. “Media forum”a açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli belə deyib.
Sədrin sözlərinə görə, regional televiziyaların inkişafı məqsədilə keçirilməsi nəzərdə tutulan yeni tenderin vaxtı hələ müəyyən olunmayıb: “Bu məsələlər konfransda müzakirə ediləcək”.
N.Məhərrəmli bildirib ki, mart konfransında Azərbaycanın efir məkanında yayımlanan verilişlərin keyfiyyət məsələləri, yaradıcılıq və proqram siyasəti müzakirəyə çıxarılacaq. Konfransa telemütəxəssislər, televiziya şirkətlərinin rəhbərləri, media təmsilçiləri qatılacaq.
Şura sədri sayta açıqlamasında deyib ki, bu gün Azərbaycanın əksər regionlarında televiziya fəaliyyət göstərir: “Təkcə Şirvan və Aran zonasında televiziya yoxdur. Ola bilər ki, Şamaxı, İsmayıllı, Şirvan, yaxud İmişli, Saatlı, Sabirabad şəhərlərinin birində televiziya kanalının açılmasına baxaq. Əsas məqsədlərdən biri odur ki, parlament seçkiləri ərəfəsində təbliğat aparmaq üçün deputatlığa namizədlərin Bakıya axışıb gəlməsinə ehtiyac qalmasın”.
«Media forum»