Son günlər bəzi jurnalistlər, o cümlədən aparıcı media quruluşlarının rəhbərləri Milli Təhlükəsizlik Nazirliyinə çağırılaraq dindirilir və onlara 2005-ci ildə öldürülmüş jurnalist Elmar Hüseynovun istintaqı ilə bağlı sirlərin yayılmaması barədə xəbərdarlıq edilir.
Jurnalistlərin dindirilməsi, onlara xəbərdarlıq edilməsi qanunla necə tənzimlənir? Hazırda həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin açıqlamalarını işıqlandırmaq həqiqətənmi istintaq sirrini yaymaq kimi qəbul olunmalıdır?
Hüquqşünas, “Hüquqi Dövlət” Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov “Media forum”a açıqlamasında qeyd edib ki, şəxslərin istintaqla bağlı dindirilməsi Cinayət-Prosessual Məcəllə ilə tənzimlənir: “Məcəllənin tələblərinə görə, cinayət işini araşdıran orqan istintaqla bağlı hər hansı sirlə bağlı məlumatın yayıldığını görürsə, şəxslərə xəbərdarlıq edə bilər. Burada hər hansı sadə vətəndaş, yaxud jurnalist olmağın fərqi yoxdur. Məcəlləyə görə, cinayət işi üzrə məhkəmə baxışınadək ibtidai araşdırma məlumatları yalnız ibtidai araşdırmanın maraqlarına zidd olmayan, habelə cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həcmdə yayıla bilər.
İbtidai araşdırma məlumatlarının yayılmasına yalnız ibtidai araşdırmanı aparan şəxsin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir. İbtidai araşdırma məlumatları yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə, ibtidai araşdırmanın maraqlarına zidd olmadığı və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmadığı halda cinayət prosesinin iştirakçıları və jurnalistlər tərəfindən yayıla bilər”.
Hüquqşünasın sözlərinə görə, Cinayət-Prosessual Məcəllənin 222-ci maddəsi ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyinə həsr olunub: “Maddədə deyilir ki, ibtidai araşdırma zamanı bu məcəllənin müəyyən müddəalarına riayət edilməsinin təmin edilməsi məqsədilə müstəntiq və ya təhqiqatçı şahidə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə, onların nümayəndələrinə, mütəxəssislərə, ekspertlərə, tərcüməçilərə, hal şahidlərinə, müdafiəçilərə və digər şəxslərə onların razılığı olmadan ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi barədə yazılı xəbərdarlıq edir. Şəxsi həyatın toxunulmazlığının pozulması nəticəsində hər hansı şəxsə mənəvi və ya maddi ziyan vurulduqda həmin pozuntuya yol vermiş təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya hakim, habelə ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi haqqında xəbərdar edilmiş hər bir şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır”.
M.Baxışov qeyd edib ki, ibtidai araşdırmanı aparan orqanın şahid olmayan digər şəxslərə də istintaq sirrinin yayılmaması barədə yazılı xəbərdarlıq etmək hüququ var: “Problem ondadır ki, hər bir halda jurnalistin yaydığı məlumatın istintaq sirri olması müəyyən edilməlidir. Konkret olaraq indiki halda da bu müəyyənləşdirilməlidir. Yəni Eynulla Fətullayevin son açıqlamaları istintaq materiallarında olan informasiyalardır, yoxsa yeni məlumatlardır? Bunu araşdırmaq lazımdır. Cinayət-Prosessual Məcəllədəki müddəanı olduğu kimi tətbiq etmək düzgün deyil. Belə fikirləşirəm ki, Eynulla Fətullayevin yaydığı son açıqlamaların Elmar Hüseynovun istintaq işinə heç bir aidiyyəti yoxdur. Bunlar yeni məlumatlardır. Yəni araşdırılmalıdır ki, Eynulla Elmarın qətli ilə bağlı ifadə verərkən bu informasiyaları istintaqa çatdırıb, ya yox”.
Hüquqşünas hesab edir ki, əgər E.Fətullayevin açıqlamaları yeni informasiyalardırsa, istintaq materiallarında belə məlumatlar yoxdursa, onda istintaq qrupunun rəhbərinin, yaxud üzvlərinin ya jurnalistlərə, yaxud sadə vətəndaşlara məcəllənin 222-ci maddəsiylə xəbərdarlıq eləməsi qanunsuzdur: “Əgər istintaq həmin məlumatların sirr olduğunu deyirsə, xəbərdarlıq alan şəxslər ona məhəl qoymasalar, məsuliyyətə cəlb oluna bilərlər. İstər sadə vətəndaş olsun, istər jurnalist – heç bir fərqi yoxdur. Hamı qanun qarşısında bərabərdir”.
«Media forum»