Mətbuatımız Bakı üçün…

Azərbaycan mətbuatı texniki və yaradıcılıq baxımından asta-asta yeniləşməyə doğru gedir. Sözsüz ki, bu sırada avanqard, maddi imkanları yaxşı olan media qurumlarıdır. Müasir texniki avadanlıqlar alınır, virtual aləmə daha sürətli çıxış imkanları əldə edilir. Dünyada inkişaf etmiş qəzetçilik ənənələrinin ölkədə tətbiqi prosesi zəif getsə də, bir sıra mətbuat orqanları buna ən azından cəhdlər edirlər. Amma yerli mətbuatın özünün əvvəldən mövcud olmuş bir ənənəsi var ki, bu gün sıradan çıxmaq üzrədir. Söhbət qəzetlərin bölgə təmsilçiliklərindən gedir. Sovet dönəmində rəsmi qəzetlərin (zatən, o dövrdə qəzetlərin hamısı rəsmi idi) bölgə müxbirləri həmin bölgədə “samballı” fiqurlardan biri sayılırdı. Bölgənin ərazisində yerləşən rayonların rəhbərləri bu müxbirlərlə əməlli-başlı hesablaşırdılar. Düzdür, bu hesablaşma bir çox hallarda maddiləşmiş formada özünü göstərirdi. Bununla belə, rayon partiya-təsərrüfat rəhbərləri işlərini ehtiyatlı tutmağa çalışırdılar ki, məsul olduqları rayon haqda rəsmi qəzetdə tənqidi yazı getməsin. Bugünsə bölgə müxbiri “postları” işlərini nəinki günün tələblərinə uyğun şəkildə qurublar, rəsmi, ya qeyri-rəsmi olsun, əksər qəzetlər demək olar ki, bölgə müxbiri məvhumundan imtina ediblər. Ona görə də, bu gün Azərbaycan mətbuatında bölgə xəbərləri və ya bölgələrdən işlənmiş reportajlar, araşdırmalar 1-2 faiz təşkil edir. Burada agentliklərin də “təqsiri” var. Çünki agentliklərdən hazır məlumatları alan qəzetlər əlavə pul xərcləyib, bölgələrdə müxbir saxlamaq istəmirlər. Bu da nəticədə rayonda baş vermiş hansısa hadisə haqda bütün mətbuatın bir dəst-xətlə yazılmış yazını oxucuya çatdırmasına gətirib çıxarır. Bu gün mətbuatda elə bir təəssürat yaranıb ki, Azərbaycan sanki Bakıdan ibarətdir. Bəzən qəzetlər paytaxt xəbərlərinə o qədər aludə olurlar ki, bir hadisənin hansı rayonun ərazisində baş verməsini belə qeyd etməyi lazım bilmirlər. Sadəcə yazırlar, məsələn: “Dünən Mikayıl Müşfiq küçəsində yanğın baş verib”. Bu adda Azərbaycanın demək olar ki, bütün rayonlarında küçə var. İndi oxucu necə müəyyən etsin ki, söhbət hansı rayondakı M.Müşfiq küçəsindən gedir (Əslində, söhbətin Bakıdan getdiyi çoxlarına məlum olur. Çünki hamı bilir ki, bu gün mətbuat daha çox Bakıdakı oxucular üçün çıxır). Hazırda qəzetlərin şikayətçi olduğu məsələlərdən biri bölgələrdə qəzet satışının çox aşağı olmasıdır. Bu durumu yalnız qəzetlərin bölgələrə diqqət yetirməməsi ilə bağlamaq olmaz. Amma bölgələrdə qəzet satışının aşağı olmasında bu amilin də rolu var. İndi “sinəsinə döyən” elə gündəlik qəzetlər var ki, “onsuz da satılmayacaq” məntiqi ilə rayonlara qəzet göndərmirlər. Ciddi mətbuatın bölgələrə biganəliyinə baxmayaraq, rayonlardan yazan mətbuat da var. Diqqətini paytaxta yönəltmiş ciddi mətbuat bu gün bölgəni “reket qəzetlər”ə bağışlayıb…

modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO