Mətbuatda siyasi kollajlar…

Azərbaycan mətbuatının bəzi məşhur ənənələri itir… Siyasi kollajlar da mətbuat səhifələrindən izi itən media ənənələrindən biridir. Halbuki, yaxın illərdək mediada siyasi kollajlardan geniş istifadə olunurdu. Kollaj kəsib yapışdırmaq, kəsikləri birləşdirib bütövləşdirmək deməkdir. Azərbaycan mətbuatında siyasət cəbhəsinin müxtəlif qanadlarını əhatə edən kollajlar bəzən qalmaqallara səbəb olsa da, oxucular tərəfindən maraqla qarşılanırdı.

Bəs bu gün medianın siyasi kollajlardan imtina etməsinin səbəbləri nə ilə bağlıdır? Modern.az saytı bu suala cavab tapmağa çalışıb.

Hazırda “TV +” jurnalında çalışan, vaxtilə müxtəlif qəzetlərin məsul katibi olmuş və siyasi kollajlar hazırlamaq sahəsində tanınan rəssam Rasim Mədətin sözlərinə görə, indi həyatda insanların bir-birinə münasibətlərindən tutmuş siyasi oyunlara, düşüncələrə qədər hər şey adiləşib. Amma onun fikrincə, həyatda gördüyümüz neqativ, pozitiv haların hamısı kollajdır.

Vaxtilə nəşr olunan “7 gün”qəzetinin hər sayının birinci səhifəsində kollajlardan istifadə olunduğunu deyən Rasim Mədətə görə, artıq həmin kollaşların işlənməsinə eytiyac duyulmur. Onun sözlərinə görə, texnika inkişaf edib, kompüterin imkanları hesabına istənilən nəticəni əldə etmək olar.
“Kompüterdə istənilən adamın başını kəsib başqa şəkilə calayırlar, istənilən adamı şantaj edirlər. Ancaq biz kollajları şantaj etmək üçün yox, yaxşı məqsədlər üçün istifadə edirdik. Məsələn, o vaxt bizim məşhur “Ev bazarı” kollajımız dərc olunmuşdu. Bu kollajla ev növbəsində dayananların, evsiz insanların vəziyyətini icra nümayəndələrinə çatdırmışdıq. Ayaz Mütəllibovun, Rüfət Ağayevin, Hacı Əbdülun, Həsən Həsənovun və siyasətdə olan digərlərini biz ev bazarına çıxarıb hər birinin boynuna “pilka” asmışdıq ki, “ev axtarırıq, ev satırıq”.
Məsələn, Hacı Əbdül o vaxt türmədə idi, yazmışdıq: “Bayıl türməsindəki birotaqlı kameranı Azadlıq prospektindəki bir mənzilə dyişmək istəyirəm”. Yəni bu yolla biz Hacı Əbdülün azadlığa çıxmaq istəyini oxucuya çatdırmışdıq.
Sabiq xarici işlər naziri Həsən Həsənov Bakını bəyənməyib Nyu-Yorkdan ev almaq istəyirdi, biz onun siyasi kollajını dərc etmişdik. Bu yolla məmurların nələr düşündüyünü oxucuya çatdırmışdıq”.

R.Mədət deyir ki, siyasi kollajların dərc olunduğu vaxt müxtəlif hadisələrlə rastlaşırmışlar. “Bəziləri belə kollajlardan inciyirdi, bizi məhkəməyə verirdilər, amma sonradan dostlaşırdıq. Eyni zamanda, bu kollajlarla edilən təqdimata görə sevinən insanlar da az deyildi”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO