Mətbuatda “Qara Piar “in artdığı bildirilir

Avqustun 17-də Mətbuat Şurası “KİV-də “qara piar”: media seçkilərə necə gedir?” mövzusunda dəyirmi masa keçirib.

Mətbuat Şurasından “Media forum” saytına verilən məlumata görə, qurumun sədri Əflatun Amaşov bildirib ki, son günlər KİV rəhbərlərinin bir-birinə qarşı iddiaları, media şəffaflığı ilə bağlı məsələlər, buna qarşı ortaya qoyulan əks mövqelər, bəzi qəzetlərdə dövlət məmurları ilə bağlı ifşaedici yazıların intensivləşməsi kimi hallar baş verir.

Ə.Amaşovun sözlərinə görə, bu xoşagəlməz meyl Mətbuat Şurasının kütləvi informasiya vasitələrində apardığı monitorinqin “qara piar”, insan şərəf və ləyaqətini ləkələyən məlumatlara dair hissəsindəki rəqəmlərdə də əksini tapıb. Belə ki, KİV-lərdə yanvar ayında bununla bağlı 5 fakt aşkarlanıb. Fevral ayında bu rəqəm azalaraq 4 olub. Mart ayı üzrə mövcud göstərici 5-dir. Apreldə 6, mayda 7 belə fakt aşkarlanıb. İyun ayında KİV-də “qara piar” faktının miqdarında artım var – 9. Bu göstərici üzrə iyulda 21 fakt aşkarlanıb ki, onlardan 12-si ayın sonuncu ongünlüyünə təsadüf edir. Avqustun 15-dək aparılan monitorinqin nəticələrinə əsasən KİV-də “qara piar” faktı əvvəlki aylarda qeydə alınan rəqəmlərin ümumi cəmindən 6 fakt çoxdur – 63 fakt.

Ə.Amaşov qeyd edib ki, əgər ilin ilk yarısında “qara piar”a üstünlük verən KİV-lərin sayı daha çox 2-3 arasında dəyişirdisə, iyulda 5-6 arasında dəyişib. Avqustda belə təqdimata yol verən KİV-lərin sayı 9-dur”.

Toplantıda qərara alınıb ki, Mətbuat Şurası KİV-lərin seçki ilə bağlı siyasi prosesləri işıqlandırmalarına dair tədbirlər təşkil etsin və qarşıya çıxan problemlərin dərhal müzakirəsi təşkil olunsun.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO