Mətbuatda çeynənmiş “mötəbər mənbə” istinadına kim inanır?

Arif Əliyev: “Hətta mənbə qapalı olmasını tələb etdikdə belə, mütləq müəyyən detallar yazıya əlavə edilməlidir”

Bu gün mətbuatda yalan, şayiə xarakterli informasiyaların yayılması adi hala çevrilib. Yalan yazılar, “adının çəkilməsini istəməyən şəxs”, “mötəbər mənbə” ifadələri ən çox müşahidə etdiyimiz məqamlardır. Biz bu mənbələrin – “şəxslərin” dediklərinə inansaq, indiyədək gərək bir məmur öz postunda qalmamalıydı… Çünki mətbuatın “adının çəkilməsini istəməyən mənbə”ləri indiyədək məsələn, Baş nazir Artur Rasizadəni, təhsil naziri Misir Mərdanovu, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu və daha neçələrini dəfələrlə “istefaya göndərib”, ya da “vurulacağını” proqnozlaşdırıb. Bunların isə heç biri baş verməyib…

Beynəlxalq mediada da bu kimi ifadələrdən istifadə olunur. Amma az hallarda müşahidə edilən belə hallarda onların yaydıqları informasiyanın doğru olduğuna inam var.

Azərbaycan mediasının yalan danışması isə cəmiyyətin ona inamının azalmasına səbəb olub. Nəticədə qurunun oduna yaş da yanır, nə qədər digər mətbu orqanlar doğru informasiyalar yazsa belə, onu da yalan kimi yozurlar.

“Mənbələrlə iş Azərbaycan jurnalistikasının ən zəif yerlərindən biridir və xüsusilə anonim mənbələrə müraciət sahəsində ciddi problemlər var. Bizdə birinci əsas problem informasiyanın bir neçə mənbədən yoxlanılmaması, ikincisi anonim mənbələrə müraciətlə bağlı problemlərdir. Hər iki hal bütövlükdə informasiyaya olan inamın aşağı salınmasına gətirib çıxardır, əhalidə mediaya olan inam azalır”.
Bu sözləri Modern.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. O, bunun iki səbəbini görür: “Birinci səbəb qeyri-peşəkarlıqdır. İnformasiya mənbələri ilə iş jurnalistikasının ən çətin sahələrindən biridir. Bir sıra tələblər var və bu tələblər həmişə yerinə yetirilməlidir. İkinci səbəb ondan ibarətdir ki, dövlət orqanları mediaya qapalıdırlar. Onlardan informasiya almaq və ya hansısa məlumatları dəqiqləşdirmək jurnalistlər üçün çətin olur. Və onlar belə hallarda şayiələrlə dolanmağa və onun böyrünə “mötəbər mənbələrdən aldığımız informasiyaya görə” ifadəsini əlavə etməyə məcbur olurlar”.

Arif Əliyev qeyd edib ki, bu situasiyanı düzəltmək üçün birincisi dövlət orqanlarının, informasiya mənbələrinin açıqlığına nail olmaq lazımdır: “Təəssüf ki, uzun illərin səyləri bu sahədə heç bir nəticə vermir. Təcrübə göstərir ki, bu mənbələr qapalı qalmaqda davam edirlər. Bundan təkcə müxalifət mətbuatı əziyyət çəkmir, eyni zamanda hökumətyönlü KİV də əziyyət çəkir. Bu barədə rəsmi qəzetlərdə də neçə dəfə yazılar olub. Bu əlbəttə jurnalist professionallığı ilə bağlıdır. Çünki professional standartlara görə hətta mənbə qapalı olmasını tələb etdikdə belə, mütləq müəyyən detallar yazıya əlavə edilməlidir ki, mənbəni tanıtmadan onun reallığını göstərə bilsin. Məsələn, “filan nazirlikdən mötəbər mənbələrdən aldığımı məlumatlara görə” ifadəsi boş ifadədir. Bunun arxasında 90 faiz heç bir mənbə dayanmır”.

Birlik sədri bildirib ki, peşəkar jurnalistikada “mötəbər mənbələrdən aldığımız informasiya” ifadəsinə az rast gəlinir. “Hətta belə olduqda da, o informasiyaların əlavə mənbələrdən yoxlanılması nəticəsində nələrsə üzə çıxır. Mənbə qapalı olduqda belə, onun hansısa bir cəhətini göstərmək lazımdır ki, oxucuda müəyyən inam yaransın. Beynəlxalq mediada da bu ara-sıra istifadə olunur. Amma bu Azərbaycan mediasında istifadə olunan qədər deyil. Rəqəm kimi götürsək, bunları müqayisə etmək mümkün deyil”.

Media eksperti Zeynal Məmmədli qeyd edib ki, bu medianın olmazsa olmazlarındadır.

“Bu gün biz heç cür öyünə bilmərik ki, Azərbaycanda media ilə bağlı inam var. Çap mətbuatının satışına, televiziyalarda çoxbaxımlı verilişlərin reytinqinə baxsaq, (ən populyar verilişə 100-150 minlik tamaşaçı sayı yüksək reytinq gətirirsə) görərik ki, Azərbaycanda mediaya inam nə qədər aşağıdır. Qaynağın adını bildirmədən xəbər yazmaq Azərbaycan mediasının öncədən xəstəliyidir ki, hansısa qaynaqdan aldığı məlumatı təsdiqlədə bilmir. İndiki halda birbaşa jurnalistikanı, media əməkdaşlarını günahlandıra bilmərəm, başlanğıcda bəlkə ola bilərdi, amma indi yox”.

Z. Məmmədli Azərbaycanda məlumat almaqla bağlı az qala çözülməz bir çətinliyin olduğunu və son nəticədə bu cür vəziyyətin yarandığını vurğulayıb: “Jurnalistlərin məlumat alma prosesi son qanun dəyişikləri ilə lap çətinləşdirilir. Belədirsə, onda Azərbaycan jurnalistləri hökumətin siyasəti ilə bilərəkdən dedi-qodunun, söyləntilərin təsdiqlənməyən məlumatların yayılmasına sürükləndirilir. Bu da sanki hökumətin medianın cəmiyyətdə inam qazanmasında, nüfuzunun artırılmasında marağı olmadığını göstərir. Məntiqi olaraq bu nəticəni çıxartmaq olar ki, televiziyaların, radioların, rəsmi saytların aktual məsələlərdən yayınması, auditoriyanı ehtiyacı olan məlumatlarla təmin etməməsi, ikinci tərəfdən, jurnalistin məlumat almaqla bağlı məsələləri çətinləşdirməsi, bununla bağlı məhkəmə işlərini gözardı etməsi və informasiya əldə etmək, məlumat azadlığı ilə bağlı qanunun işləməməsi, məlumatı gizlədənlərin cəzalandırılmaması, əksinə vəzifəcə yüksək pilləyə qaldırılması Azərbaycanda mediaya inamın artırılmasında hakim siyasi partiyanın maraqlı olmadığını göstərir”.

Media eksperti müxalif partiyalar, özünü Milli Məclisdə müxalif və bitərəf, müstəqil sayan siyasi partiyaların Azərbaycanda məlumat almaq məsələsinə gərəkli diqqət yetirmədiklərinə təəccübləndiyini deyir:
“Kök bundadır ki, biz jurnalistlərin məlumatları təsdiqlətdirmək imkanlarımız çox məhduddur. Üstəlik bazar da inhisarda olduğundan və bəlli mətbu qurumunu yaşatmaq məcburiyyətində qaldığımızdan, qeyri-peşəkar jurnalistikanı özü üçün normal sayanlar və media menecerləri mətbuatı sürətlə sarılaşdırmağa başlayırlar. Bu cür cahil cəmiyyət formalaşır”.

Z. Məmmədli bildirib ki, “mötəbər mənbələr”, “redaksiyamızın mənbəsi”, “etibarlı mənbələr” adı ilə Azərbaycan jurnalistikasında yağışdan sonra göbələk kimi çoxalan o istinadlarda birbaşa hökumət günahkardır.
“Jurnalistlər bilməlidir ki, o cür qaynaqdan istifadə edirlərsə, onun mütləq xarakterini bildirməlidirlər. Mütləq oxucu, dinləyici bilməlidir ki, məlumat qaynağının gizlədilməsində məqsəd nədir. İkincisi bu qaynağın xarakteri çatdırılmalıdır. Ancaq görürük ki, istər müxalif, istər dövlətdən maliyyələşən, istər bitərəf mətbuatda yanlış informasiyalar baş alıb gedir”.

Media Hüquqi İnstitutunun direktoru Rəşid Hacılı da hesab edir ki, “mötəbər mənbə” adı altında və yaxud “adını bildirmək istəməyən mənbə” kimi və s. ifadələrdən sui-istifadə edilməsi həmin informasiyanın etibarlığını şübhə altına alır. “Nəticə etibarı ilə bu jurnalist etikası, media etikası standartlarından kənara çıxır. Bunu yazan həmin media qurumuna və yaxud jurnalistə etibarı azaldır. Ümumilikdə götürəndə bu sözə, mətbuata cəmiyyətin inamının azalmasına gətirib çıxarda bilər. Bu jurnalistikanın ümumi problemidir”.

R.Hacılı qeyd edib ki, ümumi əxlaq məcəlləsi çərçivəsində jurnalistlər bir araya gəlib bunu həll etməli və ya hansısa formada bunu aradan qaldırmağa çalışmalıdır. “Burada hüquqi problem yoxdur. Bu sırf jurnalistin öz peşəsinə, öz oxucusuna hörmət etməsi məsələsidir. Rəsmi şəxslərin, xüsusilə hökumət nümayəndələrinin tanınmış ictimai xadimlərin fəaliyyətləri ilə bağlı məlumatların bu şəkildə yayılması təkcə jurnalistlərin günahı və problemi deyil. Bu həm də həmin qurumların, şəxslərin mətbuat üçün nə qədər açıq olmasıdır. Hansısa rəsmi şəxs barəsində şayiə yayılırsa, təəssüf ki siz biz görmürük ki, o çıxıb bununla təkzib versin. Biz jurnalistləri tənqid etdiyimiz kimik, eyni zamanda həmin o şəxslərin, dövlət məmurlarının və s. öz imicləri haqqında heç cürə qayğı çəkmədiklərini, mətbuata saymazyana münasibət göstərdikləri üçün diqqətsiz münasibət göstərdiklərini mütləq qeyd etmək lazımdır”, – deyə Rəşid Hacılı vurğulayıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO