Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, öncə MŞ sədri Ə.Amaşov qurumda mətbuatda “qara piar”ın qarşısının alınması məqsədilə keçirilən Dəyirmi Masadan sonra kütləvi informasiya vasitələrində belə halların xeyli azalmasına diqqəti çəkib.
O deyib ki, kim və hansı cinah tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, “qara piar”a heç vəchlə yol vermək olmaz: “Prosesin inkişafı Azərbaycan mətbuatının indiyədək əldə etdiyi bütün uğurların üstündən xətt çəkmək deməkdir. Bu hala qarşı qətiyyətlə mübarizə aparacağıq”.
İH üzvləri bu prosesin dərinləşməsində Şuranın rolunun gücləndirilməsi üçün təkliflərini səsləndiriblər.
Sonra Şuranın Şikayətlər üzrə Komissiyasının və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının təqdim etdikləri rəylər əsasında qərarlar qəbul olunub. İdarə Heyəti fəaliyyətlərində peşə prinsiplərilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə “Azad Azərbaycan”, “Korrupsiyaya son”, “Xalqın keşiyində”, “Millətim” qəzetlərini “reket nəşr” elan edərək, adlarının MŞ-nin “qara siyahı”sına salınması barədə qərar çıxarıb.
“Xural” qəzetinə isə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra bəndlərinin tələblərinə müntəzəm və sistematik şəkildə sayğısızlıq göstərdiyinə görə MŞ-nin xəbərdarlığı olunub.
İclasda medianın iqtisadi bazasının möhkəmləndirilməsi, əsasən də reklam bazarının genişləndirilməsi və inkişafı ətrafında aparılan müzakirələrdə ölkədə bu sahədəki mövcud vəziyyət geniş təhlil edilib, xarici dövlətlərdə mövcud olan modellərə nəzər salınıb. Xatırlanıb ki, MŞ-nin yeni binasının açılışı günü Prezident İlham Əliyevlə keçirilən görüşdə medianın reklam bazarının kasadlığı da müzakirə mövzusu olub. Hazırda MŞ bu sahədəki problemlərin aradan qaldırılması məqsədilə araşdırmalar aparmaqda və təkliflərini hazırlamaqdadır. İclasda çıxış edənlər reklam bazarının genişləndirilməsilə bağlı təkliflərini səsləndiriblər. Qərara alınıb ki, müvafiq qurumlara ünvanlanmaq üçün təkliflər əsasında yekun sənəd hazırlansın. Ə.Amaşov qeyd edib ki, məqsəd ölkədəki müstəqil medianın iqtisadi bazasının möhkəmləndirilməsilə bağlı müəyyən zaman kəsiyi üçün Təkliflər Paketi hazırlamaqdır: “Burada həm tarif tənzimləmələri, həm də vergi güzəştləri öz əksini tapmalıdır. Artıq xarici təcrübə ilə bağlı araşdırmalarımız var. Yerli mütəxəssislərlə də çoxsaylı məsləhətləşmələrimiz olub. Bunlar yaxın günlərdə keçirəcəyimiz Dəyirmi Masanın iştirakçılarına da çatdırılacaq”.