Mətbuat Şurasının “reket qəzetlər – məmur işbirliyi ” barədə bəyanatına partiyalardan dəstək…

Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurasının bu günlərdə verdiyi bəyanat ölkə ictimaiyyətində böyük rezonansa səbəb oldu. Sözügedən bəyanatda qeyd olunurdu ki, illərdən bəri şərti olaraq “reket jurnalistika” adlandırdığımız xoşagəlməz meyl bu gün də davam etməkdə, mediamızın nüfuzuna, onun saf və təmiz adına ləkə gətirməkdədir.

Mətbuat Şurası Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi şəkildə pozan qəzet və jurnalların növbəti “qara siyahısı”nı açıqlamışdı. Belə ki, onların sayı artıq 94-ə çatıb.

Daha sonra bəyanatda qeyd olunmuşdu ki, “Mətbuat Şurası bəzi “reket nəşr”lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilməsini yolverilməz hal sayır. MŞ bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə xüsusilə təəssüf doğurur. Azərbaycan iqtidarının söz və mətbuat azadlığı ilə bağlı məsələlərə həssas yanaşdığı şəraitdə onların bu siyasətə uyğun gəlməyən addımlar atanlara, öz mənafeyi naminə müxtəlif spekulyasiyalara baş vuranlara himayədarlığı heç bir məntiqə sığmır”.

Maraqlıdır, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarının MŞ-nın sözügedən açıqlamasına, daha doğrusu bəzi reket qəzetlərin arxasında hansısa məmurların dayanmasına münasibəti necədir?

KXCP-nin sədr müavini Xəzər Teyyublu bizimlə söhbətində bu gün hansısa qəzeti qeydiyyatdan keçirib nəşr etməyin çox sadələşdiyini bildirdi. Onun sözlərinə görə, bütün bunlara rəğmən, hər bir qəzet gərək reallığı əks etdirsin: “Bunun üçün də dövlətçilik, konstitusiya əsas götürülməklə qəzetlər azad sözün inkişafını təmin etməlidir. Həmçinin, mütərəqqi fikrin həmişə təminatçısı olsun və bunu ictimaiyyətdə normal səviyyədə təbliğ etsin. Bəzən görürsən ki, mətbu orqan hansısa oliqarx haqqında məqalə dərc edir və həmin qəzetləri MŞ reket siyahısına salır. Bu qəzetlər dövlət qeydiyyatından keçib və informasiya toplayıb mətbuatda dərc edir. Ona görə də bu məsələdə mənbələrə istinad etmək lazımdır ki, sözügedən qəzetlər məlumatı haradan götürür. Hazırkı jurnalistika elə bir sahədir ki, burada yüksək yaradıcılıq tələb olunur. Ona görə də qəzet çıxarmaq xatirinə nə gəldi dərc etmək olmaz. Yəni jurnalistikanı o halda saxlamalıyıq ki, ən azından, Həsən bəy Zərdabinin ruhu şad olsun”.

AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bu gün reket qəzetlərin Azərbaycanın ən böyük bəlası olduğunu bildirdi: “Məhz həmin reket qəzetlərin sayəsində Azərbaycan mətbuatı, demokratik fikirli insanların toplaşdığı məkanlar hörmətdən salınır. Ona görə də MŞ-nin belə bir reallığa qarşı, yəni reket qəzetlərə qarşı mübarizəsi müsbət haldır. Ancaq təəsüflər olsun ki, bəzən burada subyektivliyə də yol verilir. Məsələn, “Gündəlik Bakı” qəzetinin reket qəzet adlandırılması o qədər də müsbət qarşılanmamışdı. Bu gün Azərbaycan mətbuatının böyük əksəriyyətinin arxasında məmurların dayanması yeni kəşf deyil. Bu həqiqətdir ki, bu gün bir sıra yazılı KİV-in böyük əksəriyyətinin arxasında müəyyən çevrələr dayanır. Həmin çevrələrin də maraqları təmin olunur. Bununla mübarizə aparmaq, buna qarşı çıxış etmək olduqca çətindir. Düşünürəm ki, bütün işi Əflatun Amaşovun üzərinə qoymaq da düzgün deyil. Bunun aradan qaldırılmasının bir yolu var. O da ölkədə azad rəqabətin yaradılmasıdır. Təəssüflər olsun ki, ölkə mətbuatında iqtisadi azadlıqlar yoxdur. Çünki bunun əsas bazasını reklamlar təşkil edir. Ona görə də mətbuatın reklam bazarı genişlənməlidir. Reklam olmadığına görə bəzi qəzetlər kimlərdənsə asılı olur. Nəhayət, reket qəzetlərinin belə kütləviləşməsində bəzi gözükölgəli məmurların da rolu böyükdür”. BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli hesab edir ki, MŞ-nin əlində ciddi əsaslar olmadan belə fikirlər səsləndirməz: “Eyni zamanda, həmin mətbuat orqanlarının uzun müddətdir fəaliyyət göstərməsi, bəzilərinin fəaliyyəti dayanandan sonra yenidən nəşrə başlaması təsadüfi deyil. Bu onu göstərir ki, bəzi “KİV-lər” kimlər tərəfindənsə himayə olunur. Ancaq çox yaxşı olardı ki, bu prosesin qarşısını almaq üçün təkcə reket qəzetlərilə deyil, eyni zamanda, sözügedən qəzetləri dəstəkləyən insanlarla bağlı ictimai qınaq forması tapılsın. Güman edirəm ki, bu məsələ ilə bağlı MŞ-nin geniş imkanları var. Zənnimcə, ölkədə fəaliyyət göstərən bütün mətbuat orqanları bu məsələdə birmənalı şəkildə MŞ-ni dəstəkləyəcək”.

Vidadi ORDAHALLI

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO