Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının 2010-cu ildə ilk iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, iclasda MŞ sədrinin müavini Umud Rəhimoğlu komissiya üzvlərinə gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
Əvvəlcə millət vəkili Qənirə Paşayevanın «Azad Azərbaycan» qəzetinin 9 dekabr 2009-cu il tarixli sayında gedən «Plyonkalı maşınların sayı yenə də artmaqdadır» sərlövhəli yazı ilə əlaqədar şikayətinə baxılıb. İclasda millət vəkilinin səlahiyyətli nümayəndəsi kimi çıxış edən Vidadi Məmmədov bildirib ki, qəzet Q. Paşayevanı hədəf götürərək onun barəsində dəfələrlə qərəzli, həqiqətə uyğun olmayan materiallar dərc edib.
İclasda müvafiq materialların araşdırılması zamanı müəyyənləşdirilib ki, «Azad Azərbaycan» qəzetində Q. Paşayeva barədə gedən yazılarda istər «Kütləvi informasiya vasitələri haqqında» Qanundan, istərsə də Jurnalistlərinin Peşə Davranışı Qaydalarından irəli gələn tələblərə sayğısızlıq göstərilib. Mətbu orqanın millət vəkilinin təkzib, yaxud şəxsin mövqeyini əks etdirən yazısının dərcindən imtinası həmin KİV-in bu sayaq materilların təqdimatında maraqlı tərəf olduğu qənaətini formalaşdırmaqdadır. Komissiya qəzet rəhbərliyinin məsələnin müzakirəsinə qatılmamasını nəşrin Şuranın üzvü kimi qəbul etdiyi Nizamnamə tələblərinə sayğısızlıq əlaməti olaraq dəyərləndirib. Bütün bunlar nəzərə alınaraq «Azad Azərbaycan»a ciddi xəbərdarlıq olunması barədə rəy çıxarıb. Rəydə qəzetə qarşı tərəfdən – millət vəkili Q. Paşayevadan üzr istəməsi, mövqeyini əks etdirən yazısını dərc etməsi tövsiyyəsi də yer alıb.
İclasda həmçinin «Azad Azərbaycan» qəzetinin əməkdaşları ilə bağlı Şuraya müxtəlif dövrlərdə bir sıra şikayətlərin daxil olduğu barədə də məlumat verilib. Bildirilib ki, nəşr iş prinsipini eyni qaydada davam etdirəcəyi halda onun fəaliyyəti Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə komissiyasında araşdırılacaqdır.
Komissiyanın digər rəyində isə «Türk Azərbaycan dünyası» qəzetinə xəbərdarlıq olunması razılaşdırılıb. İclasda göstərilib ki, «Azərbaycan dünyası brifinq» qəzeti barədə də eyni ölçünün götürülməsi üçün əsaslar var.
Komissiya «Gündəlik Bakı» qəzetinin Mətbuat Şurasının «qara siyahı»sına salınmasından sonra bu KİV barədə Mətbuat Şurasına daxil olan şikayətlərə də diqqət yetirib. Qeyd olunub ki, qəzet rəhbərliyi Şuranın qərarına hörmətsiz yanaşmaqda, qurumun ictimai nüfuzunun aşağılanmasına, İdarə Heyəti üzvlərinin şərəf və ləyaqətlərinin ləkələnməsinə yönələn təhqiramiz yazılara hər sayda geniş yer verməkdədir. İclasda həmin materialların ümumiləşdirilərək müvafiq orqanlara göndərilməsinin təmin olunması barədə rəyə gəlinib.