Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. MŞ sədri Əflatun Amaşov gündəliyi İH üzvlərinin müzakirəsinə təqdim edib. İclasda 5 məsələnin müzakirəsi qərarlaşdırılıb.
Jurnalistika fakültələrinə qabiliyyət imtahanlarının bərpası ilə bağlı işçi qrup yaradılıb
Toplantıda öncə ali məktəblərin jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanlarının barpası məsələsi müzakirə olunub. MŞ sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun hazırda bu istiqamətdə araşdırmalar apardığını və dünyanın bir çox ölkələrindəki qabaqcıl təcrübənin nəzərdən keçirildiyini vurğulayıb. Məsələnin aktuallığı nəzərə alınaraq, bununla əlaqədar Şurada xüsusi işçi qrup yaradılıb. Qrup müəyyənləşdirib ki, Avropanın, eləcə də dünyanın əksər ölkələrində jurnalistika fakültələrinə qabiliyyət imtahanları çox uğurla həyata keçirilir və bu müsbət nəticələr verir. Şura mövcud istiqamətdə proqram hazırlamalı və bu mövzuda xüsusi tədbir keçirməlidir.