Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin iclası keçirilib. Tədbirdə məclisin ötən ildən bəri gördüyü işlərə nəzər salınıb, 2011-ci il üçün fəaliyyət planı təsdiqlənib.

İclası MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Ahıl Jurnalistlər Məclisinin yaranması dövrün tələbindən irəli gəlib. Milli mətbuatımızda uzun illər layiqli xidmətləri olan bu insanların bir qurumda cəmləşdirilməsi mediamızda gedən müasir proseslərə də müsbət təsirini göstərməkdədir. MŞ sədri əlavə edib ki, məclisin qarşıya qoyduğu xoş məram onun sıralarının genişlənməsində, rəngarəng tədbirlərin düzənlənməsində özünü biruzə verməkdədir. Mətbuatımızın Nəriman Zeynalov, Şamil Şahməmmədov, Sona Bağırova, Qubad Süleymanov və başqa görkəmli simalarının yubileylərinin, mərhum jurnalist Alı Mustafayevin anım gününün keçirilməsi və digər tədbirlər qısa müddətdə görülmüş işlərin yalnız bir hissəsidir. Şura sədri məclisin ötən müddətdəki fəaliyyətini yüksək qiymətləndirərək onun 2011-ci il üçün iş planının dolğun və əhatəli olmasının vacibliyini vurğulayıb.

Sonra Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov 4 bölmədən ibarət tədbirlər planı barədə ətraflı məlumat verib. Çıxışlarda təşkilati məsələlər, «Siz unudulmamısınız», «Ahıl+Cavan tandemi», «Yazıb-yaratmaq heç zaman gec deyil» devizlərini əhatə edən tədbirlər əsasən məqbul sayılıb. Bölgələrdə də həmin silsilələrdən mərasimlərin təşkili, ahıl jurnalistlərin yaradıcılıq müsabiqələrinin düzənlənməsi, ən yaxşı materiallardan ibarət toplunun nəşri, ustad dərslərinin keçirilməsi, redaksiyalarda görüşlər və sair təkliflər sırasında yer alıb. Çıxışlarda eyni zamanda vurğulanıb ki, ahıl jurnalistlər cəmiyyəti düşündürən məsələlərlə bağlı polemikalara daha yaxından qoşulmalı, müxtəlif mövzuların təqdimatında aktivlik nümayiş etdirməlidirlər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO