Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə edilib

Tədbir “Azərbaycan gəncləri” qəzetinin 90 illik yubileyinə həsr olunub
Oktyabr 28-də Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə “Azərbaycan KİV sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah” mövzusunda “dəyirmi masa” keçirilib.

Lent.az-ın məlumatına görə, MŞ sədri Əflatun Amaşov toplantının “Azərbaycan gəncləri” qəzetinin 90 illik yubileyinə həsr olunduğunu bildirib. Onun sözlərinə görə, hazırkı dövrdə uşaq və gənclərlə bağlı mətbuat orqanlarının vəziyyəti ölkə KİV-lərinin ümumi durumundan müsbət mənada fərqlənmir.

Mediamızdakı çətinliklərin bu tip mətbu vasitələrin iş prinsiplərinə daha çox təsir göstərdiyini bildirən Şura sədri tədbirin həmin tendensiyalara nəzər salmaq zərurətindən, həmçinin gənclər mətbuatı içərisində xüsusi yerə və rola malik “Azərbaycan gəncləri” qəzetinin fəaliyyətinə nəzər salmaq istəyindən irəli gəldiyini vurğulayıb: “KİV-ə Dövlət Dəstəyi Konsepsiyasında uşaq və gənclər mətbuatına xüsusi önəm verilib. Konsepsiyanın KİV-lərin inkişafına dövlət dəstəyinin sahələri bölümündə dövlətin proqram və layihələrin həyata keçirilməsində dəstəklədiyi əsas sahələrdən biri kimi uşaq və gənclərin fiziki və mənəvi inkişafının olduğu göstərilib. Bu amil həmin sahə üzrə ixtisaslaşmış media orqanları üzərinə böyük məsuliyyət qoyur. Təbii ki, mövcud durum onlara xüsusi diqqət yetirilməsini, problemlərinin həllinə qayğılı yanaşmanı aktuallaşdırır”.

15 il “Azərbaycan gəncləri” qəzetinin redaktoru olmuş, tanınmış jurnalist və publisist Yusif Kərimov çıxışında uzun müddət rəhbərlik etdiyi mətbu orqanın tarixindən söhbət açıb. Nəşrin Azərbaycan Xalq Cümhuriyyəti ilə həmyaşıd olduğunu bildirən jurnalist həmin vaxtdan 25 il fəaliyyət göstərən qəzetin Böyük Vətən müharibəsindən sonra “Azərbaycan gəncləri” adını daşıdığını deyib.

Y.Kərimovun sözlərinə görə, “Azərbaycan gəncləri” Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin (“komsomol”) orqanı kimi fəaliyyət göstərməsinə baxmayaraq, dövrün mənfi cəhətləri nəşrin yaradıcılıq xüsusiyyətlərini məhdudlaşdıra bilməyib: “Qəzetin “şinelindən çıxan” jurnalistlərin sayı yüzlərlədir. Onlar indinin özündə də ictimai həyatda aktiv iştirakları ilə seçilirlər. Bu isə nəşrin ölkənin ictimai münasibətlər sistemində oynadığı səmərəli roldan xəbər verir”.

Dəyirmi masada çıxış edənlərdən “Savalan” qəzetinin baş redaktoru Eldar Əliyev, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Tumurcuq” qəzetinin redaktoru İrfan Məmmədli, “Şəfəq” qəzetinin baş redaktoru Qardaş İsmayılov, “Xalq qəzet”nin baş redaktor müavini Tahir Aydınoğlu, nəşrin şöbə müdiri Əlipənah Bayramov və digərləri “Azərbaycan gəncləri” qəzetinin on illiklər boyu uşaq və gənclər mətbuatı sistemində lider olduğunu, respublikanın mərkəzi mətbuatı üçün baza rolu oynadığını deyiblər.

Toplantıda müstəqil respublikamızda uşaq və gənclər mətbuatının cəmiyyətdəki rolunu artırmaq, onların dövriliyini sabitləşdirmək istiqamətində, həmçinin çətinliklərinin aradan qaldırılması ilə bağlı dəyərli mülahizələr səslənib. Bildirilib ki, bu kimi diskussiyaları davam etdirməklə Azərbaycan milli mətbuatının 135 illik yubileyinə qədər uşaq və gənclər mətbuatının problemləri və inkişaf perspektivləri sistemləşdirilməli və mövcud istiqamətdə əməli tədbirlər həyata keçirilməlidir.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO