Mətbuat Şurasında tələbə problemlərinin KİV-lərdə işıqlandırılmasına dair “dəyirmi masa” keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) tələbə problemlərinin KİV-lərdə işıqlandırılması məsələlərinə dair «dəyirmi masa» keçirilib. SİA-nın məlumatına görə, ölkəmizdə fəaliyyət göstərən aparıcı tələbə təşkilatlarının təmsilçilərinin, MŞ İdarə Heyəti üzvlərinin və qəzet baş redaktorlarının qatıldıqları tədbiri giriş sözü ilə açan Şura sədri Əflatun Amaşov KİV-lərin tələbə problemlərinin işıqlandırılması sahəsindəki mövcud vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, hazırkı dövrdə mətbuatda bununla bağlı fundamental sistemin mövcudluğu gözə çarpmır.

“Doğrudur, ayrı-ayrı gənclər təşkilatlarının aktivliyi hiss olunur və onların fəaliyyəti barədə KİV-lərdə mütəmadi məlumatlar yer alır. Konkret tələbə problemlərinə münasibətdə isə eyni sözü söyləmək mümkünsüzdür. Təbii ki durumun mövcud şəkil alması təkcə kütləvi informasiya vasitələrindən asılı deyil. Bu mənada tələbələrin də üzərinə məsuliyyət düşür. Onlar daha çox təşkilatlanmalı və media ilə əlaqələrini gücləndirməyə çalışmalıdırlar”, – deyə Ə.Amaşov bildirib.

Azərbaycan Tələbələr Birliyinin sədri Elnur Aslanov rəhbərlik etdiyi qurumun məhz bu zərurətdən irəli gələrək fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, həmçinin iştirakçılara qurumun həyata keçirdiyi tədbirlər barədə də məlumat verib.

«Olaylar» qəzetinin baş redaktoru və eyni adlı informasiya agentliyinin baş direktoru Yunis Oğuz çıxışında tələbə problemlərinin KİV-lərdə işıqlandırılmasının vacibliyinə diqqəti yönəldərək bununla bağlı media orqanlarının üzərinə düşən vəzifələrdən söhbət açıb. O, rəhbərlik etdiyi KİV-lərdə məsələ ilə bağlı təşəbbüslərə geniş yer verməyə hazır olduğunu bildirib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu BANF-ın ölkəmizdə təhsil alan əcnəbi tələbələrlə aktiv əlaqədə olduğunu bildirib. O, təşkilatın müxtəlif vaxtlarda Azərbaycandakı qaçqın şəhərciklərinə səfərlər təşkil etdiyini vurğulayıb: «Diqqətimi çəkən cəhət xarici ölkələrdən olan tələbələrin Azərbaycan həqiqətləri barədə tam məlumatsızlığı idi. Belə bir vəziyyətin formalaşması isə tələbələrdən asılıdır. Onlar təşəbbüs göstərməli, hətta müəyyən məqamlarda üzləşdikləri uğursuzluqlara görə ruhdan düşməməlidirlər».

Tədbirdə çıxış edən müxtəlif tələbə təşkilatlarının rəhbərləri KİV-lə münasibətlərində qarşıya çıxan çətinliklər və pozitiv məqamlar haqqında danışıblar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO