Mətbuat Şurasında “Əsrin kirpiləri” qəzetindən şikayətə baxılıb

İki qəzet barədə yekun rəyi MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası verəcək
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 şikayəti müzakirə ediblər.

Milli Məclisin deputatı Gülər Əhmədovanın “Bizim yol” qəzetinin 13 iyul 2012-ci il tarixli sayında gedən məqalə ilə bağlı müraciətinə baxılıb. Komissiya deputatın MŞ-yə məktubunda ifadəsini tapan və narazılıq doğuran məqamları araşdıraraq müvafiq rəy qəbul edib. Rəydə həmin yazının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısızlıqla təqdim olunduğu, xüsusilə balansın gözlənilmədiyi, araşdırmanın nəzərə çarpmadığı, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn bir nümunənin səhifəyə çıxarıldığı cavabdeh tərəfin nəzərinə çatdırılıb. Orada həmçinin “Bizim yol”un iyulun 15-də dərc etdiyi mətnin “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun “Təkzib, cavab və düzəliş verilməsi qaydası” adlı 45-ci maddəsinin tələblərinə uyğun gəlmədiyi vurğulanıb. Komissiya qəzetə təkzib, yaxud deputat G.Əhmədovanın mövqeyinin əks olunduğu məktubunun dərcini tövsiyə edib.

İclasda “Yeni xəbər” qəzeti barədə də oxşar məzmunlu rəy qəbul olunub. Komissiya “Kav Min Vod Kurortları Agentliyi” MMC barədə gedən yazıda etik prinsiplərin tələblərinə sayğısızlıq göstərildiyini mətbu nəşr rəhbərliyinin nəzərinə çatdırıb. İradları səmimi qəbul edən baş redaktor İlqar Salmanlı qarşı tərəfin mövqeyinə aydınlıq gətirməyə hazır olduğunu deyib. Bu, şikayətçini də qane etdiyindən məsələ həllini tapmış sayılıb.

İclasda iki mətbu nəşrlə əlaqədar toplanmış sənədlərin Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına göndərilməsi razılığına gəlinib. Bunlar “Əsrin kirpiləri” və “Seans” qəzetləridir. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının və “Xəbər var” qəzetinin şikayətlərinə baxılarkən komissiya bunun üçün ciddi əsasların mövcudluğunu aşkarlayıb. Bu komissiyanın araşdırmasından sonra MŞ İdarə Heyətində qəzetlərin adlarının Şuranın “reket nəşr”lər üçün tərtib etdiyi “qara siyahı”ya salınması ilə bağlı məsələ müzakirə olunacaqdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO