Mətbuat Şurasında Azərbaycanın Milli Qəhrəmanı, əməkdar jurnalist Alı Mustafayevin anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasim Azərbaycan torpaqları uğrunda döyüşlərdə şəhid olan jurnalistlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov şəhid jurnalist Alı Mustafayevin həyatı və mətbuatdakı fəaliyyəti barədə danışıb. MŞ sədri deyib ki, A. Mustafayev Qarabağ münaqişəsi başlayandan bu problemin həlli istiqamətində aparılan danışıqlar, o cümlədən hərbi əməliyyatların gedişi barədə televiziya reportajları hazırlayıb: “Onun necə jurnalist olduğunu cəmiyyət tanıyır. 1991-ci il 19 noyabrında Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olub”.
Yazıçı-jurnalist Məzahir Süleymanzadə bildirib ki, A. Mustafayev Azərbaycan mətbuatının qızıl fonduna düşən jurnalistlərdəndir: “Azərbaycanın qəhrəman jurnalistləri adlı kitaba ehtiyac var. Belə təşəbbüs bəyənilərsə, işin ağırlığını öz üzərimizə götürüb kitab nəşr edərik”.
“Azərbaycan” qəzetinin əməkdaşı Akif Cabbarlı isə o zamankı Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xəbərlər redaksiyasında mərhum jurnalistlə birgə işlədiyini deyib: “Alı Mustafayev sözünün qədrini bilirdi, özünün qədrini isə bilmirdi. O, yaradıcı, fədakar və ailəcanlı adam idi”.
Jurnalist Sakit Ocaqlı bildirib ki, A. Mustafayevin daxilən azad adam olub: “Alı bu xarakterinə görə çox narahat edilirdi. Alı Mustafayev həmin dövrün aparıcı jurnalistlərindən idi. Mənim xəbərlər redaksiyasında işləməyimlə bağlı təqdimatı Alı Mustafayev verib. Onunla işlədiyimə görə fərəh hissi duyuram”.
Tədbirdə çıxış edən tələbə yoldaşları, dostları A. Mustafayevin yaradıcı şair olduğunu da söyləyiblər.
Sonda A. Mustafayevin həyat yoldaşı Lalə xanım tədbir iştirakçılarına təşəkkür edib və mərhum jurnalistlə bağlı xatirələrini danışıb.
Qeyd edək ki, A. Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində doğulub. Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində xəbərlər redaksiyasında çalışıb. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda çap edilib. Reportaj, oçerk və müsahibələrinə, ekrana çıxan verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb. 1991-ci il fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. 1991-ci il 19 noyabrda Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında dövlət xadimləri və jurnalistləri aparan vertolyotun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.