Mətbuat Şurası «Qarapapaqlar»ın 5 illiyini qeyd edib

Bu gün Azərbaycan Mətbuat Şurasında Gürcüstanda nəşr olunan «Qarapapaqlar» jurnalının 5 illiyi ilə bağlı mərasim keçirilib. Tədbirdə MŞ sədri Əflatun Amaşov 2007-ci ilin mayında fəaliyyətə başlamış jurnalın soydaşlarımızın kompakt yaşadıqları bölgənin mədəni həyatında kifayət qədər mühüm rola malik olduğunu vurğulayıb. O bildirib ki, jurnal eyni zamanda Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin təbliğində də başlıca missiya daşıyıcısıdır.
«Qarapapaqlar» jurnalının 5 illiyi ilə bağlı toplantının MŞ-nin Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyi ilə birgə düzənlədiyi tədbirlər silsiləsindən olduğunu deyən Ə.Amaşov bunadək hər iki qurumun dörd mərasim keçirdiyi barədə məlumat verib.
Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı təmsil olunduğu qurumun fəaliyyət istiqamətlərindən danışaraq təşkilatın yaradıcı şəxslərin, o cümlədən jurnalistlərin əməyinin qiymətləndirilməsinə böyük önəm verdiyini bildirib. «Qarapapaqlar» jurnalının türk dünyasına bağlı olan coğrafi məkanda ərsəyə gəldiyini vurğulayan M.Saatçı onun ortaq dəyərlərin təbliğindəki roluna diqqət çəkib.
Jurnalın baş redaktoru Akif Xansultanov dərginin yaranma zərurəti və fəaliyyətinin ilk çağlarından söhbət açıb. O, jurnalın hazırda Gürcüstan hakimiyyəti tərəfindən elmi-kütləvi nəşr kimi konkret olaraq tarix, ədəbiyyat, etnoqrafiya və kulturologiya istiqaməti üzrə müvafiq lisenziya ilə təmin olunduğunu vurğulayıb. Dərgidə Gürcüstanın və Azərbaycanın elm və ictimai xadimlərinin ikitərəfli münasibətlərlə bağlı müsahibələrinə, publisistik materiallarına geniş yer verildiyini deyən baş redaktor maarifçiliyi kütləvi informasiya vasitəsinin əsas fəaliyyət missiyası kimi xarakterizə edib.
Tədbirdə «Qarapapaqlar» jurnalına Azərbaycan Mətbuat Şurasının və Dialoq Avrasiya Platformasının ənənəvi «Həqiqətə xidmətlərinə görə» mükafatı təqdim olunub. Toplantı iştirakçıları nəşrin rəhbərliyini 5 illik səmərəli fəaliyyət dövrü münasibətilə təbrik ediblər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO