Mətbuat Şurası KİV-də peşə etikası dəyərlərinin gözlənilməsi mövzusunda təlim kursu keçirib

Azərbaycan Mətbuat Şurası Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Təlim kurslarının təşkili media peşəkarlığının artırılmasında başlıca amil kimi” layihəsi çərçivəsində növbəti kursunu keçirib.

MŞ-dan APA-ya verilən məlumata görə, “Kütləvi informasiya və peşəkarlıq xüsusiyyətləri: peşə etikası dəyərlərinin gözlənilməsi” mövzusunda baş tutan təlim kursunda məşğələni Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli aparıb.

C.Məmmədli media təmsilçilərinə KİV-də peşəkarlığın müxtəlif formalarda təzahür edən xüsusiyyətləri barədə məlumat verib. O, həmçinin jurnalistin peşə etikasının elm və praktik problem qoyuluşuna, peşə etikası anlayışları, ayrı-ayrı ölkələrin etik kodekslərinin jurnalist məsuliyyətindəki roluna, peşə etikasının formalaşmasında hakimiyyət və cəmiyyət amilinin təsirinə dair maraqlı faktlar açıqlayıb.

Qeyd edək ki, bu, Şuranın mövcud layihə çərçivəsində həyata keçirdiyi növbəti təlim kursudur. Qurum dekabr ayı ərzində bir neçə digər mövzularda da məşğələlərin təşkilini nəzərdə tutur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO