Mətbuat Şurası ilə TQF arasında sənəd imzalanıb

Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Qəzetəcilər Federasiyasının oktyabrın 19-dan 22-dək keçirilən illik toplantısında iştirak edib. Türkiyənin Kayseri şəhərində baş tutan tədbirdə bu ölkənin nüfuzlu media qurumlarının təmsilçiləri ilə yanaşı, siyasi xadimlər və dövlət rəsmiləri də olublar.
Türkiyə prezidenti Abdullah Gülün də qatıldığı mərasimdə federasiyaya üzv jurnalist qurumlarının hesabat dövründə gördükləri işlərlə bağlı məruzələr, həmçinin, söz və mətbuat azadlığı sahəsindəki tendensiyalar ətrafında müzakirələr keçirilib. MŞ sədri Ə. Amaşov Azərbaycan mətbuatının tarixi, bu günü, Azərbaycan və Türkiyənin media qurumları arasında əməkdaşlığın vəziyyətinə dair məruzə ilə çıxış edib. Şura sədri iştirakçılara rəhbərlik etdiyi qurumun ölkəmizdə medianın özünütənzimləməsi istiqamətində reallaşdırdığı tədbirlərlə bağlı da məlumat verib.
Toplantıda Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qəzetəcilər Federasiyası arasında anlaşma protokolu imzalanıb. Protokolda Azərbaycan jurnalistlərinin Türkiyədə düzənlənəcək media peşəkarlığı seminarlarına qatılmaları, Türkiyənin media ekspertlərinin Azərbaycana səfərlərinin təşkili, qurumların hər iki ölkənin media təşkilatları arasında əlaqələrin dərinləşdirilməsində vasitəçilik etmələri, birgə layihələr gerçəkləşdirmələri nəzərdə tutulub. Sənəddə TQF-nin növbəti toplantılarından birinin Azərbaycanda təşkili də əksini tapıb.
Qeyd edək ki, Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına Ə. Amaşovla yanaşı, TQF-yə Azərbaycandan üzv olan jurnalist təşkilatlarının rəhbərləri – Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı da qatılıblar.

Müəllif: İnformsiya şöbəsi

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO