Mətbuat Şurası dəyirmi masa keçirib

Mətbuat Şurası 30 dekabr 1919-cu ildə Azərbaycan Parlamentində qəbul edilmiş Mətbuat Nizamnaməsini qəbulu ilə bağlı dəyirmi masa keçirib
Bu gün Mətbuat Şurası 90 il bundan əvvəl 30 dekabr 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin Parlamentində qəbul edilmiş Mətbuat Nizamnaməsini qəbul edilməsi günü ilə bağlı dəyirmi masa keçirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov həmin nizamnamənin təkcə o dövr üçün deyil, bu gündə aktual olduğunu deyib. Onun sözlərinə görə, həmin sənədin qəbul edilməsi ilə Azərbaycan Demokratik Respublikasında senzura ləğv olunub, qəzetlərin təsis edilməsi sadələşdirilib. Şura sədri deyib ki, həmin nizamnamənin qəbul edilməsindən sonra qəzetlərlə bağlı bütün mübahisələrin məhkəmə yolu ilə həll edilib.
Nəzəriyyəçi Şamil Vəliyev qeyd edib ki, nizamnamənin yaranması cumhuriyyət dövrünün ictimai-siyası ehtiyaclarından doğmuşdu: “Bu nizamnamə ilə bağlı həmin dövrdə – oktyabrın 23-dən 29-a kimi parlamentdə cox ciddi müzakirələr gedib. Nizamnamə 24 maddə və iki fəsildən ibarət olub. Bu nizamnamənin qəbul edilməsi Azərbaycanda ictimai-siyasi düşüncənin formalaşdırılmasında böyük rol oynadı”.
Digər nəzəriyyəçi Cahangir Məmmədli qeyd edib ki, Azərbaycanda medianın inkişafı baxımından nəzəri sənədlərin qəbul edilməsi zamanı həmin nizamnaməyə söykənilib: “Mərhum Heydər Əliyev qəzetlərlə bağlı olan bürokraktik əngələri aradan qaldırarkən bu sənədə əsaslanmışdı”.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qeyd edib ki, mətbuat tariximizdan danışan zaman bu nizamnamə Azərbaycan mətbuatının qurur yeridir: “Çünki bu dünya mətbuat tarixində qəbul edilmiş ilkin və ən demokratik sənədlərdən biridir. Hesab edirəm ki, bu sənəd həmin dövrdə fəaliyyətdə olan “Azərbaycan” qəzetinin fəaliyyətinə də öz müsbət təsirini göstərib və bu gündə göstərir”.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev təklif edib ki, həmin sənəd yenidən çap edilsin.
“Səs” qəzetinin baş redaktoru və “Səs” İnformasiya Agentliyinin Baş direktoru Bəhruz Quliyev sənədin əhəmiyyəti haqda danışarkən deyib ki, mətbuatın fəaliyyətinin tənzimlənməsi baxımdan sənəd bu gün də aktuallağını qoruyub saxlayır: “Biz bu gün də ondan istifadə edirik. Amma müasir Azərbaycan mətbuatında inkişaf getdikcə tənzimləyici sənədlərdə yenilənmə etməliyik”.
Həmin dövrün tədqiqatçısı Nəsiman Yaqublu o zaman Azərbaycanda həm də hüquqi bir cəmiyyətin əsasının qoyulduğunu deyib. Onun sözlərinə görə, bu nizamnamə 1918-ci ildə İstiqlal Bəyannaməsinin 4-cü maddəsinin tələbləri əsasında yaranıb: “Cümhuriyyəti yaradan insanlar söz azadlığına böyük əhəmiyyət verirdilər. Həmin dövrün ictimai–siyasi xadimləri Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli nizamnamənin qəbulunda fəal iştirak ediblər”.
Tədbirdə çixış edənlər o dövrdə mətbuatın vəziyyətindən və qəbul edilən tarixi sənədin bu gün də aktuallığından danışdılar.

SIA.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO