Mətbuat Şurası bəzi qəzetləri “reket nəşr” elan edib

Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycan milli mətbuatının 2010-cu ildə qeyd olunacaq 135 illik yubileyi barədə müzakirə aparılıb. Yubileylə bağlı tədbirlər planı hazırlanıb. Planda hər ay medianın aktual problemlərinə dair dəyirmi masa və konfransların təşkili, prosesə gələn ilin iyununda keçiriləcək ümumrespublika elmi-praktik konfransı ilə yekun vurulması nəzərdə tutulur.

İclasda KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət barədə məlumat verib. O, müxtəlif layihələrin həyata keçirilməsi üçün hazırda fondun 55 təşkilata ümumilikdə 550 min manat vəsait ayırdığını, Milli Mətbuat Günündə 39 KİV-ə 400 min manata yaxın birdəfəlik maliyyə yardımının ayrıldığını açıqlayıb.

Toplantıda “Cəmiyyət və din”, “Hürriyyət”, “Poliqlot”, “Sabaha inamla”, “Difai” qəzetlərinin, “Riyad media” İnformasiya Agentliyinin şuraya üzvlüklə bağlı müraciətlərinə baxılıb və müsbət qərar qəbul edilib.

Şura üzvləri “Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimat”ı müzakirə ediblər. “Reket nəşr” adlandırılmış KİV-in üzərindən bu adın götürülməsi qaydaları da müəyyənləşdirilərək təlimata əlavə olunub. Reket jurnalistikasına qarşı mübarizə
komissiyasının təqdimatı da müzakirə edilib və “Xəbər xətti”, “Hüquq və ittiham”, “Qanun və nəzarət”, “Təzadlar” qəzetləri “reket nəşr”lər elan olunub, “Azərbaycan dünyası brifinq” qəzetinə isə xəbərdarlıq edilməsi məqbul sayılıb.

APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO