“Ali Media Mükafatı ilə bağlı Mətbuat Şurası hələ tam açıqlama verməyib.
Yaxın günlərdə ölkə jurnalistləri, ictimaiyyət həmin mükafatla bağlı geniş məlumat alacaq”. Lent.az-ın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov verib.
Əflatun Amaşovun sözlərinə görə, həm jurnalist kimi çalışan, həm də bu sahənin inkişafına töhfə verən mütəxəssislər Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görüləcəklər. Bununla bağlı məsləhətləşmələr artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə geniş məlumat veriləcək.
Şura sədri onu da bildirib ki, mətbuatın 135 illik yubileyilə bağlı ölkə prezidentinin imzaladığı sərəncama uyğun olaraq tədbirlər planı hazırlanacaq. Tədbirlərin Həsən bəy Zərdabinin anadan olduğu Zərdab rayonundan start götürəcək. Digər bölgələrdə müxtəlif konfranslar keçiriləcək. Son tədbir isə Bakıda düzənlənəcək. Həmin tədbirdə jurnalistikada fərqlənən şəxslər əməkdar jurnalist, əməkdar mədəniyyət işçisi kimi adlarla təltif olunacaqlar: “Bununla bağlı jurnalist təşkilatlarına və digər qurumlara müraciət olunub ki, jurnalistika sahəsində fərqlənən insanları qiymətləndirmək üçün bizə tövsiyələr versinlər”.