Mətbuat şurası 6 nəşrdən şikayətlərə baxıb

Noyabrın 13-də Mətbuat Şurasının şikayətlər üzrə komissiyası toplantı keçirib. Şuradan “Media forum” saytına daxil olan xəbərə görə, komissiya “Yeni Müsavat”, “Gündəlik Bakı”, “Təzadlar”, “Qaynar xəbər”, “Güzgü” qəzetləri və “Xoca Nəsrəddin” jurnalı ilə bağlı müraciətləri araşdırıb.

Milli Məclisin üzvü Nazim Məmmədov “Yeni Müsavat” qəzeti ilə bağlı müraciət edib. Komissiya rəyə gəlib ki, qəzetin şikayət doğuran materiallarında “Jurnalistlərin peşə davranışı qaydaları”nın bir sıra prinsip və bəndləri pozulub. Komissiya nəşrə bu kimi mövzuların təqdimatı zamanı ifadə seçiminə həssas yanaşmağı tövsiyə edib, həmçinin “Yeni Müsavat”ın təkzib verməsini vacib sayıb.

İclasda “Gündəlik Bakı” qəzeti ilə bağlı 2 şikayətə baxılması nəzərdə tutulsa da, bunlardan biri Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi təmsilçisinin müzakirəyə qatılmaması səbəbindən baş tutmayıb. Mövcud prosedur qaydaya əməl olunmadığından məsələ gündəlikdən çıxarılıb. Şikayətlər üzrə komissiya eyni səbəbdən “Bank Respublika” ASC-nin “Hakimiyyət” qəzetinə qarşı şikayətinə də baxmayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Gündəlik Bakı” qəzeti ilə bağlı müraciəti tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin “Təzadlar” qəzeti ilə əlaqədar şikayətinin müzakirəsi zamanı nəşrin baş redaktoru Asif Mərzili “Kütləvi informasiya vasitələri haqqında” qanunun 63-cü maddəsinə əsasən, cavabdehliyi materialı hazırlayan Milli Strateji Təhqiqatlar Mərkəzinin daşıdığını bildirib. Lakin qeyd olunub ki, bu, yazının sonunda göstərilmədiyindən iddia əsassızdır. Komissiya rəyə gəlib ki, “Təzadlar” qəzeti narazılıq doğuran yazıya görə məsuliyyəti istinad mənbəyini göstərdiyi halda daşımaya bilərdi. Mövcud vəziyyətdə isə material etik prinsiplərə sayğısızlıqla təqdim olunub. Baş redaktor A.Mərzili məsələ ilə bağlı təkzib verməyə hazır olduğunu deyib.

Növbəti məsələnin müzakirəsində “Qaynar xəbər” qəzetinin təmsilçisi Bakı şəhər 7 saylı uşaq poliklinikası barədə bu nəşrdə gedən yanlış məlumatlara görə qarşı tərəfdən üzr istəyib, təkzib verməyə hazır olduğunu bildirib. Komissiya məsələnin həlli üçün bunu yetərli sayıb.

Naftalan şəhərindən bir qrup sakinin “Xoca Nəsrəddin” jurnalında gedən nümunələrdə milli, etnik zəmində təhqirlərə, ayrı-seçkiliyə yol verilməsi, bu zaman jarqonların işlədilməsi ilə əlaqədar müraciəti də komissiyanın müvafiq rəyinin qəbuluyla nəticələnib. Jurnal barədə yekun qərarı Mətbuat Şurası İdarə Heyətinin verməsi məqsədəuyğun sayılıb.

Ceyranbatan qəsəbə sakinlərinin “Güzgü” qəzeti ilə bağlı şikayəti müzakirə edilərkən məsələnin daha ətraflı araşdırılmasına ehtiyac duyulduğu vurğulanıb və konkret tədbirlərin müəyyənləşdirilməsi üçün Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin rəhbərliyi ilə qrup yaradılıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO