Mətbuat Şurası 26 qəzeti “reket nəşrlər ” siyahısından çıxardı

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ilk olaraq Azərbaycan milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar Mətbuat Şurasının «qara siyahı»sında yer alan kütləvi informasiya vasitələrinin bir qrupunun oradan çıxarılması məsələsi ətrafında müzakirələr aparılıb. Bildirilib ki, adları «qara siyahı»ya salınan nəşrlərin oradan çıxarılması ilə bağlı prosedurlar «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»da əksini tapıb.
Lakin bu proses bağışlanma əhəmiyyəti daşıdığından və yubileylə bağlı həyata keçirildiyindən istisna hal kimi yeni şərt və prinsiplərin müəyyənləşdirilməsinə ehtiyac yaranıb.

Mətbuat Şurasının tərkibində fəaliyyət göstərən «apellyasiya qrupu» ötən müddət ərzində bununla bağlı məsələləri də araşdırıb. Qrupun rəhbəri MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən müddətdə Şuraya «qara siyahı»dan çıxarılma ilə bağlı müraciətlərin əksəriyyətinin nəzərdən keçirldiyini, MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası ilə birgə ayrı-ayrı nəşrlərin materialları əsasında monitorinqlərin aparıldığını diqqətə çatdırıb.

İdarə Heyəti «apellyasiya qrupu»nun fəaliyyətini qənaətbəxş sayaraq qurumun və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının birgə təqdimatını təsdiqləyib. Müzakirələrdən sonra 26 kütləvi informasiya vasitəsinin adının «qara siyahı»dan çıxarılması məqsədəuyğun sayılıb. Qərara alınıb ki, yeni siyahı yaxın günlərdə ölkənin aparıcı KİV-lərində dərc edilsin.

Gündəlikdə duran növbəti məsələ Ali Media Mükafatı ilə bağlı olub. Müzakirələrdən sonra mükafatın əsasnaməsi təsdiqlənib. Qərara alınıb ki, mükafat bir, iki və üç dərəcədə olmaqla ümumilikdə 9 nəfərə verilsin. Bu zaman həmin şəxslərin Azərbaycan mətbuatının inkişafındakı xidmətləri əsas götürülsün. Mükafatın hər il milli mətbuat günü ərəfəsində təqdim olunması da qərara alınıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO