Mətbuat seçkiləri necə işıqlandıracaq?

Mətbuat seçkiləri necə işıqlandıracaq?Noyabrın 7-də Azərbaycanda növbəti parlament seçikləri keçiriləcək. Bu seçkilər hər bir xalq, millət üçün önəmli məsələrdən biridir. Proses zamanı hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Bundan əlavə seçki prosesində medianın və jurnalistlərin üzərinə düşən məsuliyyət xüsusilə böyükdür. Həm elektron media, həm də yazılı media bu seçkiləri ictimaiyyətə düzgün çatdırmalıdır. Bəs mətbuatda seçkilər necə işıqlandırılacaq? Mətbuatın bu işdə rolu nədən ibarət olmalıdır?
Məsələyə münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli medianın əsas işinin seçkiləri gündəmdə saxlamaqdan ibarət olduğunu söylədi: “Seçkilərdən əvvəl və seçki günü mətbuat seçkini gündəmdə saxlamalıdır. Mətbuat burada tərəf kimi çıxış etməməlidir. Seçkini bütün hallarda həyata keçirən dövlətdir və bilavasitə missiyasıdır ki, seçkini keçirsin. Amma orada iştirak edən komponentlər, seçilənlər, namizədlər, siyasi partiyaların fəaliyyəti mətbuatda açıq görünməlidir. Sonda xalq kimə səs verdiyini dəqiq billə bilsin. Medianın rolu seçkilərdə çox mühümdür. Tərəf tutmadan, kimisə yalandan tərifləmədən, digərini alçalmadan balanslı fəaliyyət göstərərək bu seçkiləri işıqlandırmalıdır. Bizdə seçki kampaniyası bilirsiniz ki, üç mərhələdən ibarətdir. Seçkiərəfəsi kampaniya, seçkinin özü və seçkidən sonrakı mərhələlər. Bütün mərhələlər mediada və elektron mətbuatda ətraflı işıqlandırılmalıdır. Bütövlükdə cəmiyyət bundan xeyir tapacaq və inkişaf edəcək”.
BDU-nun jurnalistika fakultəsinin kafedra müdiri, professor Cahangir Məmmədli seçkinin jurnalistin imtahan dövrü olduğunu vurğulayaraq bütün jurnalistlərin qərəzsiz və tərəfsiz olmalarını söylədi: “Seçkilərdə dəyişməyən bir neçə prinsip var, o da dəqiqlik, obyektivlik, tərəfsizlik və qərəssizlikdir. Jurnalistlərdən tələb olunan məhz bunlardır. Düşünürəm ki, kütləvi informasiya vasitələri qarşıdan gələn seçkilərdə mövcud cəhətlərə xüsusi önəm verəcək, hadisə və proseslərə münasibətdə həssas yanaşma tərzi nümayiş etdirəcəklər. Heç kimin tərəfini tutmadan, heç kimə böhtan atmadan həqiqəti işıqlandırmalıdırlar. Media o qədər həssas fəaliyyət göstərməlidir ki, insanlar, konkret olaraq namizədlər seçicilərinə yalan danışmağa cürət etməsinlər. Xüsusilə televiziya bu yöndə ciddi olmalıdır. Orada nə tərəf, nə də mövqe bilinməməlidir. Mən düşünürəm ki, Azərbaycan mətbuatında “qara piyar” xeyli azalıb. Keçən ilki seçiklərə nisbətən indiki seçki ərəfəsi daha da səngiyibdir. “Qara piyar” ümumiyyətlə hiss olunmur. Mən buna sevinirəm”.
Şərq qəzetinin baş redaktoru Akif Aşırlı seçki prosesində medianın və jurnalistlərin üzərinə düşən məsuliyyətin xüsusilə böyük olduğunu bildirdi: “Onlar seçkinin gedişi, namizədlərin platformaları barədə cəmiyyəti operativ və obyektiv işıqlandırmalı, eyni tərəfsiz mövqe sərgiləməlidirlər. Bu amil seçicilərin seçimini formalaşdırmaq baxımından vacibdir. Media qərəzsiz və obyektiv olmaqla sadə vətəndaşların yanılmalarına imkan verməməlidir. Azərbaycanda kütləvi informasiya vasitələrinin seçkidə iştirakına dair bir çox qanunvericilik aktları qəbul edilib. Həmin sənədlərdə əksini tapan müddəalara jurnalistlərin riayyət etmələri olduqca vacibdir”.

Jurnalistlər xaricdə təcrübə keçəcəklər
Əflatun Amaşov: “Əsas məqsəd xarici jurnalistlərin təcrübələrindən yararlanmaqdır”
Azərbaycan jurnalistlərinin xaricdə təcrübə keçmələri nəzərdə tutulur. Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, əsas məqsəd Azərbaycan jurnalistlərinin peşəkarlıqlarının artırılmasında xarici jurnalistlərin təcrübələrindən yararlanmaqdır: “Azərbaycan Mətbuat Şurası həm ATƏT, həm də Avropa Şurası ilə birgə tədbirlər keçirir. Biz Avropa ölkələrində təcrübəsi olan jurnalistləri, ekspertləri Azərbayana dəvət edirik. Artıq Azərbaycan jurnalistikası kifayət qədər inkişaf edib. Bu tədbirləri biz bir neçə il əvvəl daha intensizv təşkil edirdik. Hazırda Azərbaycan jurnalistlərinin təcrübələri artdığına görə, bu tədbirləri məqsədyönlü şəkildə gənc jurnalistlərin təcrübə baxımından yararlanmaları üçün təşkil edirik. Biz ölkə başçısı İlham Əliyevlə görüşdə jurnalistlərin təhsili məsələsini gündəmə gətirdik. Azərbaycan jurnalistlərinin xarici ali məktəblərdə təhsillərini davam etdirməklə bağlı ilkin razılıq əldə olunub. Artıq gələn ildən jurnalist olmaq istəyənlər və hazırda jurnalist olanlar dövlət proqramı çərçivəsində təhsil ala biləcəklər”.
Ə. Amaşov Azərbaycan jurnalistlərinin xaricdə təcrübə məsələsinə Türkiyədən başlamaq istədiklərini söylədi: “Yaxın vaxtlarda Türkiyənin aparıcı ekspertlərini, qurum rəhbərlərini Azərbaycana dəvət edəcəyik. Qəzetlərin reklam bazarı, dizaynı ilə bağlı və s. işlər aparılacaq. Azərbaycan jurnalistlərinin Türkiyəyə getməsi də nəzərdə tutulur. Orada bizim jurnalistlərin mətbuat orqanlarında təcrübə keçmələri nəzərdə tutulub. Daha sonra isə başqa ölkələrlə də belə əməkdaşlıq edəcəyik”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO