Bu gün Rusiya Dövlət Humanitar Universitetində rus dilinin dünyanın müxtəlif ölkələrində vəziyyətinin mədəni, iqtisadi və sosial kontekstdə qiymətləndirilməsinə dair “Rus dili xaricdə” adlı beynəlxalq konfrans keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Dövlət Humanitar Universiteti (RDHU) və “Rus dunyası” Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Ermənistan, İsrail, Qazaxıstan, ABŞ, Finlandiya, Estoniya və digər dövlətlərin sosiolinqivistika sahəsindəki mütəxəssisləri iştirak ediblər. RDUH-in rektoru Yefim Pivovar xaricdə rus dilinin yayılması səviyyəsinin onu qane etmədiyini söyləyib. Onun sözlərinə görə, rus dilinin öyrədilməsi səviyyəsi daha da aktiv olmalıdır: “Rusiyada və dünyada rus dili çətin vaxtlarını yaşayır. Bu dil hal-hazırda dünyada yayılmasına görə 4-cü yeri tutmasına baxmayaraq, öz mövqeyini az da olsa itirir. Buna görə də həmvətənlərimizdən rus dilinin yayılması istiqamətində daha çox iş görmək tələb olunur. Konfransın da əsas məqsədi burada iştirak edən alimlərin birgə səyi nəticəsində rus icmalarının yaşadığı ölkələrdə rus dilinin statusunu qiymətləndirmək və rus dilinin funksionallığının və inkişafının problemlərini müəyyən etməkdən ibarətdir”.
Konfransda Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Analizi şöbəsinin müdiri Gülşən Paşayeva təmsil edib. G. Paşayeva “Rus dili Azərbaycanda: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. O, rus dilinin Azərbaycanda xarici dil sayıldığını söyləyib: “Rus dili müstəqil Azərbaycanda yaşamağa davam edir. Əlbəttə ki, sovet dövründə mövcud olan rus dilli məktəblərlə müqayisədə indi onların sayı azalıb. Buna baxmayaraq mühüm olan odur ki, Azərbaycanda rus dilində təhsil almaq olar”. G. Paşayeva rusların Azərbaycanda ümumi əhalinin 2 faizini təşkil etdiyini söyləyib. Onun sözlərinə görə, rus dili xarici ölkələrin vətəndaşları arasında ünsiyyət baxımından və ümumi mədəniyyətin inkişafı və birləşməsi baxımından çox vacib bir dildir.
Daha sonra konfransda digər ölkələrin nümayəndələri çıxış ediblər.