Moskvada jurnalist Yuri Siqovun “Azərbaycan. Qərblə Şərq arasında” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycanın Rusiyadakı səfirliyində Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, təntənəli mərasimdə rusiyalı jurnalist, hazırda ABŞ-da yaşayan Yuri Siqovun “Azərbaycan. Qərblə Şərq arasında” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan səfiri Polad Bülbüloğlu Milli Dirçəliş Gününün mahiyyəti, 1988-ci ildə baş verən hadisələr barədə iştirakçılara məlumat verib. Səfir Azərbaycanda başlayan Meydan hərəkatının ölkənin müstəqillik qazanması ilə nəticələndiyini deyib və həmin tarixin Azərbaycan xalqı üçün çox əziz olduğunu bildirib. Təqdimatı keçirilən kitab barədə danışan səfir qeyd edib ki, son illər Azərbaycan haqqında çoxlu nəşrlər dərc olunub: “Bu kitab uzun illər ABŞ-da yaşayan və işləyən rusiyalı jurnalist tərəfindən yazılıb və Stokholmda nəşr olunub. O kitabda Azərbaycanda gördüklərini çox obyektiv və səmimi şəkildə əks etdirib”. Səfir unikal əməyin məhsulu olan bu kitabın başqa dillərə tərcümə olunaraq yayılmasının məqsədəuyğun olduğunu bildirib: “Bu yolla dünya ictimaiyyətini Azərbaycan həqiqətləri ilə daha yaxından tanış etmək imkanı qazanmış olarıq”.

Tədbirdə Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, İTAR-TASS dövlət informasiya agentliyinin baş direktorunun müavini Mixail Qusman çıxış edərək kitab barədə fikirlərini söyləyiblər. Kitabın müəllifi Yuri Siqov iştirakçılara təşəkkür edib. O həmçinin kitabın işıq üzü görməsində böyük xidmətləri olan Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və xanımına xüsusi təşəkkürünü çatdırıb. Tədbirin bədii hissəsində Azərbaycanın əməkdar artisti Murad Hüseynov fortepianoda bəstəkar Qara Qarayevin əsərlərini ifa edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO