“Monitor Konsaltinq ” jurnalının baş redaktoru: “Biz Əkinçi ” nin davamçılarıyıq “

“Monitor Konsaltinq” jurnalının 5-ci sayı işıq üzü görüb. Nəşrdə yeni təsdiq olunan “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklərin şərhinə, Sahibkarlığa Kömək Milli Fondunun yeni əsasnaməsinin və fondun vəsaitlərinin yeni istifadə qaydalarının izahına həsr olunmuş məqalələr verilib. Eyni zamanda bu sayda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Ərəstun Məcidovla müsahibə dərc edilib. Müsahibədə yol hərəkəti qaydalarının tənzimlənməsinə, radarların yerləşdirilməsi formaları və qaydalarına, cərimələrə, maşınların evakuatorla aparılmasına və digər aktual məsələlərə toxunulub.

Başqa gərəkli materialların da yer aldığı jurnalın baş redaktoru Qalib Toğrul “Media forum”a açıqlamasında iyun ayından nəşrə başladıqlarını, qısa müddətdə xeyli oxucu auditoriyası topladıqlarını vurğulayıb: “Biz bu işə qol qoymazdan əvvəl iqtisadi nəşrlər bazarını – həm qəzetləri, həm də jurnalları diqqətlə araşdırdıq. Heç kimin xətrinə dəymək istəmirəm, hamının gördüyü işə hörmətlə yanaşıram, amma onu da deməliyəm ki, araşdırmamızın nəticəsində bu sahədə ciddi problemlərin olduğunu gördük. Təbii ki, iqtisadi nəşrlərin ən böyük problemi peşəkar kadrların çatışmamasıdır. İkinci problem nəşrlərin dilinin bərbadlığıdır. Üçüncü böyük problem isə iqtisadi nəşrlərin oxucunun, indiki halda iqtisadçının çətinə düşəndə yararlanacağı, əlindən tutacağı bir vəsaitə çevrilə bilməməsidir”.

Baş redaktorun fikrincə, hansı sahəni təmsil etməsinsən asılı olmayaraq qəzet və jurnalların birinci missiyası maaarifləndirmə olmalıdır: “Bəlkə də iqtisadi nəşrin baş redaktorunun dilindən bu fikir qəribə səslənə bilər, amma bir həqiqətdir ki, oxucunun – fərqi yoxdur, hansı təbəqəyə üz tutursan – rəğbətini qazanmadan hər hansı bir sahədə uğur əldə mümkün deyil. Biz “Əkinçi”nin davamçıları olduğumuzu gözəl dərk edirik. Bu, məsuliyyət hissimizi gücləndirməklə yanaşı bizə əlavə stimul verir. Elə buna görə də jurnalımızın səhifələrini oxucuların ixtiyarına vermişik, onların istəkləri əsasında materiallar hazırlayır, göndərilən sualları operativ cavablandırır, iqtisadi qanunvericilik aktlarındakı ziddiyyətləri açmağa çalışırıq”.

İddialarının oxucularının istəklərinin reallaşdırılmasına yönəldiyini deyən Qalib Toğrul bir iqtisadçıya iş vaxtı və işdən sonra nələr lazımdırsa, onları jurnalda verməyə çalışdıqlarını bildirir: “Həm ölkə, həm dünya iqtisadiyyatındakı yeniliklərin, problemlərin, iqtisadi qanunvericilik aktlarındakı dəyişikliklərin şərhini verməklə oxucuları müəyyən mənada yorduğumuzun fərqindəyik. Ona görə də yorucu olmayan, rahat oxunan maraqlı informasiyalar və lətifələrlə bu gərginliyi bir qədər yumşaltmağa çalışırıq”.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO