Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinin qeyd olunması haqqında 2009-cu il 6 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Naxçıvan MR Ali Məclisinin sədri 2009-cu il 14 fevral tarixli sərəncamı ilə Tədbirlər Planını təsdiq etmişdir.
Tədbirlər Planına əsasən, əməkdar elm xadimi, professor Əziz Şərifin (1895-1988) “Molla Nəsrəddin” necə yarandı” monoqrafiyası çap edilmişdir. Monoqrafiyada C.Məmmədquluzadənin həyat və yaradıcılığının birinci dövründən (1869-1906) bəhs olunur.
Kitabın tərtibçisi və ön sözün müəllifi əməkdar elm xadimi, akademik İsa Həbibbəylidir.
“Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində nəfis şəkildə çap edilən kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
(AzərTAc).