Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Karikatura Təşkilatları Federasiyasının dəstəyi ilə “Molla Nəsrəddin-Azərbaycan” III beynəlxalq karikatura müsabiqəsinə start verilib. Müsabiqənin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, müsabiqə Azərbaycanın görkəmli karikatura ustası Əzim Əzimzadənin 130, Rəssamlar İttifaqının yaradılmasının 70 illiyinə həsr edilib. Ənənəvi “Molla Nəsrəddin” beynəlxalq karikatura müsabiqəsinə 2010-cu il aprel ayının 7-də, “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin işıq üzü gördüyü gün yekun vurulacaq. Beynəlxalq karikatura müsabiqəsinin təşkilatları “Molla Nəsrəddin- Azərbaycan” müsabiqəsini artıq 5 ulduzla qiymətləndiriblər. 5 ulduz bu sahədə 30-40 illik təcrübəsi olan ən mötəbər beynəlxalq karikatura müsabiqələrinə verilən ən yüksək qiymətdir. Müsabiqədə münsiflər heyəti qismində Marlen Pohle (Almaniya), George Likuriki (Rumınya), Stanislav Aşmarin (Rusiya), İsmayıl Kar (Türkiyə), Boris Erenburq (İsrael), Talal Nayer (Sudan), Sevda Cənnəti Rad (İran), Valeri Momot (Ukrayna) kimi ünlü karikatura ustalarının olması müsabiqənin obyektivliyinə və şəffaflığına zəmanət verir. Münsiflər heyətinin sədri və layihənin rəhbəri Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadədir. Müsabiqədə 70 ölkədən 1000-ə yaxın rəssamın iştirakı gözlənilir.
525-ci qəzet