Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi, Təbriz və Ərdəbil Karikaturaçılar Təşkilatları “Molla Nəsrəddin” satirik jurnalının işıq üzü görməsinin 104-cü ildönümü münasibətilə bir sıra tədbirlər həyata keçirəcəklər. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi aprelin 7-sini, yəni “Molla Nəsrəddin” jurnalının işıq üzü gördüyü günü, karikatura günü elan edib.
Bu barədə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin mətbuat xidmətindən məlumat verilib.
İldönümü münasibətilə Azərbaycanda ənənəvi təşkil olunan beynəlxalq karikatura müsabiqəsinə aprelin 15-də yekun vurulacaq. “Molla Nəsrəddin” jurnalının adını daşıyan müsabiqə Ə. Əzimzadənin 130 illiyinə həsr olunub. Aprel ayının sonunda müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və ən yaxşı əsərlərdən ibarət sərgi təşkil olunacaq. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunacaq tədbirdə Bayram Hacızadənin müəllifi olduğu “Neft və Karikatura” kitabının təqdimatı da keçiriləcək. Kitab “Molla Nəsrəddin-Azərbaycan” müsabiqəsinə göndərilən ən yaxşı karikaturalar əsasında hazırlanıb.