FLORA KƏRİMOVA: ““YOXLUĞUNU BİLƏ-BİLƏ” MAHNISINI TƏKRAR OXUSAM, O HALIMA XƏYANƏT ETMIŞ OLARAM”
Adı heç bir titula sığmayan Flora Kərimova ilə görüşüb müsahibə almağı çoxdan istəyirdik. Nəhayət alındı. Söhbətimiz boyu bənzərsiz sənətkar və bütün xalqına qayğı ilə yanaşmaqdan zövq alan şəxsiyyət imicli Flora xanımı qəlblərdə daşıdığı durumundan qat-qat aşağı səviyyəli şou-biznesə münasibət bildirməyə də vadar etdik. Yəqin bizi başa düşər. Çünki bu, yalnız yaşadığımız günün reallıqlarından yan keçə bilməmək zərurətindən irəli gəlir.
Görüşünə gələcəyəm –
Yoxluğunu bilə-bilə…
– Flora xanım, bir pərəstişkar olaraq son illərdə sizdən müəyyən incikliklərimiz də yaranıb. Buna səbəb sizi zaman-zaman tanıtdıran, sevdirən köhnə mahnılarınızı ifa etməməyinizdir. Bizə elə gəlir ki, bircəciyinin adını çəkmək də bu fikriəsaslandırmağa kifayət edər: “Görüşünə gələcəyəm, yoxluğunu bilə-bilə”…
– Bilirsiniz, o illərin ağrısı ayrı idi. Əvvəla, onu nəzərinizə çatdırım ki, mən mahnılarımda heç vaxt öz şəxsi taleyimi oxumamışam. Ancaq 3-4 istisna təşkil edən mahnılarım, yəni mənim daxilən, qəlbən yaşadığım iztirablara həsr olunan mahnılarım var. Bu mahnılar şair və bəstəkarlar tərəfindən mənim o durumuma ithaf olunub. Onlardan bəziləri hətta hazır musiqi ilə səslənib. Mən isə bu mahnıları həvəslə ifa eləmişəm. Çünki onlar mənim yaşantılarımı nəzərə alıb bu mahnıları məhz mənim üçün yazıblar. Sizin qeyd etdiyiniz “Yoxluğunu bilə-bilə” mahnısı da bu sıradandır.
Zivər xanım Ağayeva bir gün zəng elədi ki, Flora xanım, sizi görmək istəyirəm. Ondan az bir müddət əvvəl mən həyat yoldaşımı itirmişdim. Gələndə bu mahnı ilə “əlidolu” gəldi. Mahnı mənim həyatımın o çağlarını özündə əks etdirirdi. Həyat yoldaşımın ili çıxmamışdı, mən demək olar ki, hər gün ağlayırdım, üstəlik bu dövrdə Azərbaycanda xalq hərəkatı başlamışdı. Ancaq meydana gedə bilmirdim. Övladlarımı, hətta 6-7 yaşlı qızımı meydana göndərirdim. Ürəyim onların yanında qalırdı. Göndərməyə də bilmirdim. Çünki hər gün meydandakı insanların sayı barədə məlumat verirdilər. Ona görə qorxurdum ki, ruslar meydana çıxanların sayının azaldığını deyərlər. Həm də düşünürdüm ki, 3-4 nəfərin də artıq “Azadlıq”, “Qarabağ” qışqırması mənim də səsimin bu izdihamın içərisində olması kimi qəbul olunar. Bu fikirlər özümü də sakitləşdirir, mənə təskinlik verirdi.
– “Yoxluğunu bilə-bilə” də o günlərin mahnısı kimi həyata vəsiqə aldı…
– Zivər xanım mahnını gətirdi. Mən də mahnını verdim bəstəkar Elza xanım İbrahimovaya. Karina adlı çox gözəl bir dərzim var idi. Sonradan köçüb getdi Amerikaya. Dərziyə getməyi xoşlamadığımdan o, mənə həmişə “primerkasız” paltarlar tikirdi. Karina bu zaman da karıma gəldi. Gümüşü sapla gözəl bir qara paltar tikib gətirdi. Təsəvvür edin ki, bir il səhnəyə çıxmamışdım. Çox həyəcanlı idim. Ona görə də rəhmətlik Rafiq Babayev gəlib durdu mənim yanımda. O qədər başım gicəllənirdi ki, mahnının nə vaxt başlayacağı məqamını və mahnının tonallığını tuta bilmirdim. Nə isə… oxudum, gözəl də oxudum və musiqi çalına-çalına səhnəni tərk elədim. İnandırım sizi ki, həmin gecə saysız-hesabsız insanlar telefonumu tapıb hönkürə-hönkürə zəng elədilər. Hətta tanımadığım kişilər “siz bizi kövrəltdiniz, ağlatdınız, Flora xanım bu sözləri dilimizə gətirərkən utanmırıq” kimi sözlər deyirdilər. Bax, ona görə bu mahnını oxumuram. İndi mən o itki hisslərini o şəkildə yaşaya bilmərəm. İndi ayrı cür alınar. Mən isə özümü o halıma xəyanət etmiş bilərəm.
– Bu mahnını sonralar heç oxumadınız?
– Yox, sonra ifa etmişəm. Əvvəlcə televiziyada səsləndirilib, sonra radioda. Mahnını lentə də yazdırdım və sairə. Ancaq belə məqamlarda içindən yanırsan, qovrulursan, enerji sərf eləmədən, enerji, dərd özü səni oxudur. Axı mən qeyd elədim ki, şəxsi həyatımı oxumamışam, yalnız mənə ithaf olunan mahnılardan başqa.
– Flora xanım, cəmiyyətdə belə bir qənaət var ki, mahnılara sizin kimi sənətkarların əbədiyaşarlıq bəxş etməsindən sonra onların ifası asanlaşır…
– Razıyam. Ancaq nəzərə alın ki, biri var qovrula-qovrula oxumaq, biri də var xatirələrlə oxumaq. Bunlar sənətə fərqli münasibətlərdir. Xatirələrlə oxunan mahnı həmişə yanğı ilə oxunan mahnıdan zəif alınır. Mən bir ilin yanğısını qəlblərdə nida qoymaqla tamamlamışdım.
“Obrazı ancaq Nisə Qasımova və Flora Kərimova yarada bilir”
– İndi oxuduğunuz mahnılara da analoji münasibətiniz olur?
– Olur. İndi də bu gün oxuduğum mahnıya sabah olduğu kimi qayıda bilmirəm. Nadir Qafarzadə ilə gözəl bir duet-mahnı yazdıq. Ancaq səmimiyyətlə deyirəm, Mən o mahnını ikinci dəfə yaza bilmərəm. Bilirsiniz, niyə? Çünki artıq onda o hissiyyat yox olur. Çünki mən professional müğənni kimi oxuyuram. Bir hissi mən bir dəfə səmimiyyətlə yaşaya bilərəm.
– Bu, təxminən məşhur “axar suda bir dəfə çimmək olar” deyiminə bənzəyir…
– Tamamilə düz deyirsiniz. Bəli mən professionalam, bunu bilirəm, gözəl tembrim var, bunu da bilirəm, vokal imkanlarıma indiyə qədər heç kim çata bilmir, bunu da bilirəm, məndə olan söz duyğusuna da heç kim çata bilmir, bunu da bilirəm. Mahnını oxuyanda mən obraz yaradıram. Başqaları da oxuyurlar, ancaq mahnıdan obraz yarada bilmirlər. Üç notda, beş notda oxuyurlar. Gözəl oxuyurlar, ancaq baxırsan ki, obraz yoxdur. Mahnını eşidən kimi gözlərinin qarşısında hansısa bir bədbəxtin və ya xoşbəxtin obrazı canlanmır.
– Mahnını yaşamırlarmı?
– Bəlkə də yaşayırlar. Ancaq baxırsan ki, obrazı yaratmağa istedad yoxdur. Obrazı iki nəfər yarada bilir: Bir Hisə Qasımova, bir də Flora Kərimova. Bunu isə mən sizə öz sözüm kimi yox, daim müxtəlif müğənnilərlə təmasda olan bəstəkarların sözü kimi deyirəm.
Şuşanın, Qəbələnin, Bakının – bütün Azərbaycanın Florası
– Flora xanım, sizdə bu əvəzsiz, təkrarsız səsin sirrləri nədədir? Bu sirri sizin doğulduğunuz məkanda axtaraqmı? Əvvəllər sizi Şuşalı bilirdik. Sonradan Qəbələdən olmağınızı eşitdik…
– Mən Şuşa ilə Qəbələnin arasında çabalayırdım. Mənim ana vətənim Şuşa, ata vətənim Qəbələdir. Özüm Bakıda doğulmuşam. Ancaq hələ doğulmamışdan mənim taleyim faciəli olub. Mənə Allah nə yaxşı ki, acı taleyin yükünü çəkmək üçün mətinliyi də verib. Həyatımı daim izləmiş haqsızlıqlarla mübarizələrimin hamısında qələbə nöqtəsini mən qoymuşam. Bəlkə də Böyük Yaradan mənə bu mübarizliyi, kişi mətinliyini xalqımın gözündə yüksəlməyim üçün bəxş edib? Allah bəlkə də mənə sıradan biri olmamağım üçün bu səsi qismət eləyib!
– Flora xanım, sizi indi tez-tez hallandırılan şou-biznes söhbətlərinə qatmaq istəməsək də, günümüzün reallığı kimi bu ətrafda baş verənlərə münasibətinizi bilməyə məcburuq…
– Çalışıram ki, mümkün olduğu qədər onlara neytral gözlə baxam. Hiyə? Çünki Mən ayrı bir epoxanın nümayəndəsiyəm, ayrı bir mədəniyyətin daşıyıcısıyam. Mən sənətin qızıl dövrünün nümayəndəsiyəm. Qarşımda ustadlar var. İndiki o oxuyanlar kiminsə xoşuna gələ bilərlər. Lakin əsl sənətə və tarixə onların aidiyyatı yoxdur. Baxmayaraq, bir-birinə komplement deyəndə “mən tarixdə qalacam” sözünü də işlədirlər, ancaq onların heç biri tarixdə qalmayacaq. Bu müsabiqələr bir tərəfdən çox gözəldir. Lakin bu da faktdır ki, bir-iki il kimsə özünü gündəmdə saxlaya bilər: birinin ünvanına nalayiq sözlər deyər, bədənini açıb göstərər, telefonlarda hansısa bir seksual formalar nümayiş etdirə bilərlər. Ancaq onlar unutmamalıdırlar ki, gündəmdə qalmaqla əsl qiymətini almağın arasında çox böyük fərq var. Onları ola bilsin ki, hansısa bir yeniyetmə müvəqqəti də olsa xoşlayar, ancaq ailənin ağlı başında olan başçısı heç vaxt qəbul edə bilməz. Çünki birbaşa ekrandan sən onun övladının tərbiyəsini pozub yoldan çıxardırsan. Bu problemin həllini istəyiriksə, onun kökünü müəyyənləşdirməliyik.
Qızımın həyatı mənə Allahın böyük mükafatıdır
– Qızınız nə əcəb yolunuzu davam etdirmədi?
– Qızım çox ağıllıdır. Onun öz fəlsəfəsi var. Altı il ali məktəbdə oxudu, inanın, tam səmimiyyətlə deyirəm, bunun dörd ilini müəllimləri onun mənim qızım olduğunu bilmədilər. İndi ailə qurub. Londonda yaşayır. Həyat yoldaşı Bi-Bi-Si-də prodüsser işləyir. Ailəsindən çox razıyam. Şükür Allaha ki, mənim çəkdiklərimi qızıma qismət eləmədi. Qızımın belə nümunəvi bir ailəyə qismət olması mənə böyük bir mükafat oldu.
Nəzirməmməd QULİYEV