Məmməd Nazimoğlunun adini daşiyan fond fəaliyyətini bərpa edib

Məmməd Nazimoğlu adına Söz Azadlığını Müdafiə Fondu qısa fasilədən sonra fəaliyyətini bərpa edib. Fond jurnalistika və onun problemlərinə dair tədbirlər keçirməyi, layihələr gerçəkləşdirməyi, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, həmçinin QHT-lərə Dövlət Dəstəyi Şurasının gələn il elan edəcəyi müsabiqələrə qatılmağı planlaşdırır. “Media forum” saytına danışan fondun sədri, xalq şairi Musa Yaqub məlumat verib.

Onun sözlərinə görə, ötən müddət ərzində fond daha çox mətbuat tarixinə, beynəlxalq əlaqələrin yaranmasına dair layihələr həyata keçirib. Bundan sonra isə Azərbaycanda söz azadlığının, jurnalist peşəkarlığının vəziyyəti, Azərbaycan jurnalistlərinin Avropaya inteqrasiyası da fondun layihə mövzuları sırasında yer alacaq.

Maliyyə problemləri səbəbindən işlərinə fasilə vermək məcburiyyətində qalan fondun fəaliyyətə başladıqdan sonrakı ilk tədbiri oktyabrın 27-də olacaq. “Kaspian Plaza” hotelində Azərbaycan mətbuatında peşəkarlıq problemi jurnalistika sahəsi ilə bağlı qeyri-hökumət təşkilatlarının, jurnalist təhsili sahəsində çalışan tanınmış müəllimlərin, mütəxəsisslərin iştirakı ilə müzakirə ediləcək.

M.Yaqubun sözlərinə görə, fond qəzetlərin asılılığını azaltmaq, müstəqil qəzetləri daha çox müdafiə eləmək istiqamətində gücü çatan işləri görmək istəyir: “Biz ancaq bu kimi məsələləri gündəmdə saxlamaqla öz yardımımızı edə bilərik”.

Söz Azadlığını Müdafiə Fondu jurnalistlərin informasiya əldə etməsi zamanı üzləşdikləri çətinliklər, təşkilatların, dövlət qurumlarının internet səhifələrinin vəziyyəti kimi məsələləri də araşdıracaq. Bundan əlavə, fond bölgə jurnalistikasının durumunu öyrənəcək, bu məqsədlər monitorinqlər keçirəcək.

M.Yaqubun dediyinə görə, fond əvvəlki ünvanının – Akademik Topçubaşov küçəsi, 11/210-dakı ofisin yaxınlığında yerləşir. Hazırda fondun 5 əməkdaşı var. İmkan olarsa, işçilərin sayının artırılması nəzərdə tutulur.

Mərhum jurnalist Məmməd Nazimoğlunun adı Söz Azadlığını Müdafiə Fonduna 2008-ci il iyulun 12-də verilib. Elə həmin il iyulun 6-da 48 yaşında dünyasını dəyişən M.Nazimoğlu Söz Azadlığını Müdafiə Fondunun ilk icraçı direktoru olub.

Fondun əsas məqsədi Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyət göstərdiyi hüquq məkanının inkişafına və demokratikləşməsinə, söz azadlığı sahəsində maarifləndirmə işinə yardım göstərməkdir.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO